“Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin ortaq bəyanatında Azərbaycan təyyarəsinin vurulması ilə bağlı kompensasiyanın ödənilməsi üçün razılaşmanın əldə edilməsini Azərbaycan dövləti və ictimaiyyəti çoxdan gözləyirdi”.
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu Medianews.az-a açıqlamasında belə deyib.
O bildirib ki, bir çox məsələ həllini tapmalı idi: “Hər şeydən öncə baş vermiş cinayət hadisəsi dövlətlərarası münasibətlərdə birinin digərindən üstünlüyü nöqteyi-nəzərindən qiymətləndirilməməli idi. Ancaq biz bilirik ki, bu günə qədər Rusiya Federasiyasının təcrübəsində digər ölkələrə münasibətdə nadir hallarda bənzər bərabərhüquqlu davranış nümunələi görürük. Təyyarə qəzasından sonra, nəhayət, Rusiya Azərbaycanla bərabərhüquqlu davranış nümunəsi göstərərk həqqiətin ortaya çıxması və kompensasiyanın ödənməsi üçün öhdəlik götürdü. Bu Rusiya-Azərbaycan münasibətlərində gələcək perspektivlər üçün olduqca mühüm addımdır. Artıq Rusiyada başa düşürlər ki, Azərbaycan digər heç bir ölkəyə bənzəmir. Etibarlı, bərabərhüquqlu, öz rolunu və nüfuzunu qiymətləndirməyi bacaran ölkədir. Azərbaycanın beynəlxalq nüfuzu, həyata keçirdiyi siyasət onun hansısa dövlətlə şaquli deyil, üfiqi münasibətləri tənzimləməsinə kifayət edir”.
H.Babaoğlu qeyd edib ki, bəyanat Azərbaycanın beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunun göstəricisi olmaqla yanaşı bundan sonra rəsmi Bakının beynəlxalq münasibətlərinin aktoru kimi Azərbaycana yeni dividendlər gətirəcək bir hadisə kimi qiymətləndirməlidir: “Çünki bütün dünya ölkələri faktiki olaraq bənzər hadisələrdə hansı ölkənin necə davrandığını müşahidə edirlər və buna uyğun da qiymətləndirmələr aparırlar.
Azərbaycanın öz vətəndaşlarının hüququnu qorumaq kontekstində göstərdiyi prinsipial mövqeyi, heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlar özlərini daha təhlükəsiz hiss edəcəklər. Azərbaycan vətəndaşını hamı güclü bir ölkənin vətəndaşı kimi qəbul edəcək. Xarici dövlətlər Azərbaycanın hər hansı nəqliyyat vasitəsinə və yaxud hava nəqliyyatına qarşı aqressiv hərəkətlərdən çəkinəcək. Bu da hər bir Azərbaycan vətəndaşında özünün təhlükəsisliyi ilə bağlı əminlik yaradacaq, eyni zamanda milli dövlətinə güvəni, etimadı gücləndirəcək. Bu baxımdan diqqət mərkəzində olan əsas məsələ Azərbaycan vətəndaşlarının təhlükəsizliyidir.
Nəhayət, daha bir məqam isə beynəlxalq hüququn yerinə yetirilməsidir. Bütün bunlar, əlbəttə ki, həm Azərbaycan ictimaiyyəti, həm beynəlxalq hüquq, həm də dövlətlərarası münasibətlər konteksində olduqca yüksək qiymətləndirilməli hadisələrdir”.
Xatırladaq ki, 2026-cı il aprelin 15-də Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatı yayılıb. Bəyanatda vurğulanıb ki, Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək.
Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Nailə Qasımova,
Medianews.az