Medianews.az
Azərbaycan ailəsində kişinin rolu necə dəyişir? -
79 baxış

Azərbaycan ailəsində kişinin rolu necə dəyişir? - Ekspertdən diqqətçəkən açıqlamalar

Azərbaycan ailəsində kişinin rolu – istər ər, istər ata kimi rolu son illərdə hansı dəyişikliklərə məruz qalıb? Bu dəyişikliklər ailələrdə - ər-arvad, valideyn-övlad münasibətlərində nə dərəcədə hiss olunur?

Sözügedən dəyişikliklər ailə institutunun xeyrinə - ər-arvad münasibətlərinin möhkəmlənməsinə, övladların tərbiyəsinin yaxşılaşmasına, yoxsa ziyana - ailədə qarşılıqlı münasibətlərin pozulmasına, övlad tərbiyəsində problemlərin artmasına gətirir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, hər xalqın keçdiyi sivilizasiya yolu var və o yolda xalqların fərqli mental dəyərləri formalaşır: “Azərbaycanın da öz milli-mənəvi dəyərləri var. Ailə institutu, qayınata-qayınana, ər-arvad, övladlarla münasibətlər arasında dəqiq sərhədlər - bizim milli dəyərlər toplusunda xüsusi yer tutur.

Son illər həm xarici mədəniyyətlərin təsiri, həm də Azərbaycanın özündə dəyərlərimizə hücumlar nəticəsində Azərbaycan kişisi və Azərbaycan qadını obrazına çox böyük zərbələr dəyib. Bu zərbələr o qədər sarsıdıcıdır ki, biz artıq onun böhran həddinə çatdığını görürük. Əgər boşanmaların sayı az qala nikah sayına çatırsa, hətta yaşlı adamlar da boşanırsa, uşaqlar yalnız bir valideynin himayəsində qalırsa, qocalarımız tək-tənha yaşayırsa, deməli, ailə institutunun böhranından danışmağın, bunu müzakirəyə çıxarmağın vaxtıdır.

Ər-arvad münasibətlərində vəziyyət daha kritikdir. Kişi-qadın obrazları və anlayışı o qədər deqradasiyaya uğrayıb, aşınıb ki, biz artıq kişi ilə qadının rolunun səhv düşdüyünü görürük. Biz bəzən bilərəkdən, bəzən də bilmədən gender bərabərliyi adı altında Azərbaycan ailəsini, ailə təsisatını dağıtmağa çalışanlara meydan vermişik. Azərbaycan kişisi necə olmalıdır? İntellektual, ziyalı, kreativ, həm də ailəcanlı, ailədə sözünü deyən, yoxsa zəif bir cinsin nümayəndəsi kimi? Vaxtilə qadınların başına gətirilənlər indi də kişilərin başına gətirilməlidirmi? Azərbaycan kişisi bu formada olmalıdırmı?”

Kulturoloq qeyd edib ki, bununla bağlı çox diskussiyalar, müzakirə və mübahisələr gedir: “Son vaxtlar bizdə bir tendensiya baş qaldırıb: qadın meylli cəmiyyət yaratmaq tendensiyası. Gender bərabərliyi sanki yalnız qadınlara sərfəli, kişilərin isə əleyhinə yönəlmiş bir xətt kimi yürüdülür. Qadınlara şərait yaradılır, hüquqları qorunur (yeri gəlmişkən, qadının hüququnun qorunması bizim mental dəyərlərə ziddi deyil, əksinə, tam uyğundur), amma kişilərə gələndə "sən kişisən, sənə çox şey olmaz, onsuz da bacararsan, fiziki cəhətdən güclüsən" kimi düşüncəylə onların hüquqları pozulur, onlar üçün fərqli, daha çətin bir şərait formalaşdırılır.

Get-gedə təhsil sistemi – istər orta, istərsə də ali təhsil ocaqları, eləcə də bir çox digər sahələr, xüsusilə mədəniyyət, incəsənət, televiziya, səhiyyə sahəsi qadınlaşıb. Uşaq bağçalarında ümumiyyətlə kişi müəllim tapa bilmirik. Bu da kişi obrazının dağılmasında öz rolunu oynayır. Həmin obrazın dağılması isə öz növbəsində ər-arvad münasibətlərində problemlərə rəvac verir. Yaddan çıxarmayaq ki, övladlar taleyüklü bir addım atanda ata-analarına, ailələrinə baxırlar, yəni bu modeldən nəticə çıxarır, yaşam tərzini seçirlər.

Xaricdən gələn müxtəlif təsirləri də unutmamaq şərtilə deyə bilərik ki, bəli, Azərbaycan ailəsi indi daha çox təzyiq, təsir, basqı altındadır. Onu müdafiə edə bilərikmi? Düşünürəm ki, Azərbaycan ailəsinin qorunması ilə bağlı ayrıca dövlət proqramı, xüsusən gənc ailələri, uşaqlı ailələri dəstəkləmək üçün bir konsepsiya olmalıdır. O konsepsiya daha çevik, daha ciddi formada tezliklə işlək mexanizmi ilə birlikdə Azərbaycan ailəsinin köməyinə yetməlidir. Yoxsa biz dullardan ibarət, ayrılmış, var-dövlət, ev, aliment üstündə dava-dalaşa başı qarışmış bir cəmiyyətə sahiblənə bilərik.

Bəli, bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ailə institutunun qorunması ilə bağlı müxtəlif rəsmi, ictimai qurumlar var: “Amma onların fəaliyyəti nə dərəcədə faydalıdır? Prosesə təsir edə bilirlərmi? Ağsaqqal institutunu, “yengə institutu”nu, milli-mənəvi dəyərləri ehtiva edən başqa anlayışları az qala məhv eləmişik, amma yerində yenilərini yaratmamışıq. Ailə krizis mərkəzləri yoxdur və ya yox dərəcəsindədir. Ailəyə, ata-anaya yardım təsisatları demək olar qurmamışıq. Nəticə ondan ibarətdir ki, artıq ailə deyəndə, evlənmək deyəndə bizim insanlar daha çox boşanmış ailələri göz qabağına gətirir. “İşləyən qadın-işləməyən kişi” kimi gender bərabərliyi pozulmuş formatlar göz qabağına gəlir.

Evlənməyən, yaxud vaxtında evlənməmiş cavan oğlanların sayına baxın. Cavan oğlanlar əsasən sosial, məişət problemlərinə görə evdən qaçırlar, ailələrini atıb xaricə gedirlər, ya da ümumiyyətlə heç bir hərəkət etmirlər, eləcə oturub ata-anası ilə yaşayırlar. Bu da, əlbəttə ki, ailə-valideyn institutunu, kişi-qadın, baba-nənə, qohum-əqrəbalığı bir sistem, bir yaşam tərzi kimi süquta aparır. Mən bu məsələlərdə, təəssüf ki, müsbət bir tendensiya görmürəm. Artıq bəzi qadınlar uşaq doğmur, anaların böyük əksəriyyəti bir övlad böyüdür... Çox problem sadalamaq olar. Bu problemlərin həll edilməməsi isə onları daha da ağırlaşdırır, yeni-yeni problemlər doğurur. Yaxın gələcəkdə biz mühüm addımlar atıb gerçək işlər görməsək, vəziyyətimiz daha da çətin olacaq”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Bizə qoşulun