Medianews.az
Azərbaycanda güclü zəlzələ olacaq? -
63 baxış

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA

“Azərbaycanda dəhşətli zəlzələ gözlənilmir”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Metbuat.az-a açıqlamasında bildirib.

O, ölkədə zəlzələ riskinin daha yüksək olduğu regionlardan da bəhs edib:

“Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşir. Bu qurşaq Alp-Himalay seysmik qurşağından başlayaraq Ermənistan, Gürcüstan, İran, Türkiyə ərazilərindən keçib Orta Asiya və Sakin okeana qədər uzanır. Bizim ərazidə xüsusən Şamaxı-İsmayıllı seysmikliyi ilə seçilir, Xəzər hövzəsi, Azərbaycanın şimalı və şimal-qərbi – Quba, Qusar, Xaçmaz, eləcə də Şəki-Zaqatala–Balakən zonası daha səciyyəvi seysmik bölgələr hesab olunur. Kiçik Qafqaz və Talış dağlıq əraziləri də tarixən aktiv zonalardır. Vaxtikən bu ərazilərdə maqnitudası 6 və daha yüksək olan zəlzələlər baş verib. O dövrlərdə müşahidə avadanlıqları olmadığı üçün bəzi təkanların dəqiq parametrlərini müəyyən etmək mümkün olmayıb. Lakin son illər biz Ağsu, Göyçay və Salyan ərazilərində də tədqiqatlar aparmışıq və bu işlər davam etdiriləcək. Hazırda həmin zonalarda xəndəklərin qazılması vacibdir. Oradan götürülən nümunələrin analizi Oksford və London laboratoriyalarında həyata keçirilir. Bu analizlər vasitəsilə zəlzələlərin neçə il əvvəl baş verdiyini və hansı gücdə olduğunu müəyyən edirik. Nəticədə əvvəllər bizə məlum olmayan bir sıra tarixi zəlzələlər üzə çıxıb. Hətta bəzi bölgələrdə maqnitudası 7-dən artıq olan tarixi zəlzələlər də qeydə alınıb”.

Q.Yetirmişli qeyd edib ki, hazırda yaxın günlər üçün heç bir təhlükəli aktivlik müşahidə olunmur. Hər hansı bölgədə zəlzələ ocağının güclü təkan üçün hazırlıq mərhələsinə keçdiyini göstərən ciddi siqnal yoxdur. Ona görə də narahat olmağa əsas yoxdur.

Bizə qoşulun