FİFA dünya futbol çempionatı iştirakçılarının sayını 64-ə qaldırmaq üzərində düşünür.
Medianews.az bildirir ki, 1930 və 1950-ci illərin çempionatlarında 13 milli komanda, 1938-ci ilin çempionatında 15 yığma yer alıb.
1934-cü ilin çempionatına 16 komanda qatılıb, 1954-cü ildən eyni say tətbiq edilib.
1982-ci ildən dünya çempionatları 24 yığmanın, 1998-ci ildən 32 millinin iştirakı ilə baş tutub.
2026-cı ilin dünya çempionatına 48 milli vəsiqə alıb.
2030-cu ilin dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Uruqvay, Paraqvay və Argentinada da matçlar keçirmək nəzərdə tutulur.
FİFA-dan gələn yeni soraqlar həmin çempionatın və ya Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il çempionatının 64 komandanın iştirakı ilə baş tutmaq ehtimalına işarə edir.
Dünya çempionatının 64 millinin iştirakı ilə keçirilməsi nə dərəcədə uğurlu ideyadır? Azərbaycan iştirakçı komandaların sayının artırılması məsələsini dəstəkləməlidirmi?
Belə bir qərar qəbul olunarsa, Azərbaycan millisinin dünya çempionatına vəsiqə qazanma şansı nə qədər artar?

Medianews.az-ın suallarını cavablandıran Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib ki, dünya çempionatında iştirakçıların sayının artması, şübhəsiz ki, vəsiqə şansını yüksəldir: “Ənənəvi komandalar iştirakçı sayının çoxalmasından narazılıq etsələr də, bu qlobal yarışda oynamağa can atan ölkələrin istər yığmaları, istərsə də azarkeşləri say artımına müsbət yanaşırlar.
Növbəti çempionat üçün komanda sayının artırılmasının Azərbaycan millisinin şansına nə dərəcədə təsir göstərməsi isə bir neçə amilə bağlıdır.
Birinci amil iştirakçı sayının UEFA (Avropa Futbol Assosiasiyaları Federasiyası) zonası üzrə nə qədər artırılacağıdır. Biz dünya çempionatında iştirak edə bilmək üçün mübarizəni UEFA zonası üzrə seçmə mərhələlərdə aparırıq. Ona görə birbaşa bizə təsir edə biləcək məsələ seçmə mərhələlərdə Avropa ölkələrinə neçə yerin ayrılacağıdır.
Şansla bağlı ikinci amil isə komandanın seçmə mərhələdə hansı qrupa, yəni hansı yığmalarla eyni qrupa düşməsidir.
Bütün bunlar növbəti çempionatda iştirakçı komandaların sayının artırılacağı halda Azərbaycan millisinin şansını indidən qiymətləndirməyə mane olur. Amma qeyd etdiyim kimi, ümumən dünya çempionatında iştirakçı ölkələrin sayının artması əvvəlki çempionatlara vəsiqə qazana bilməmiş yığmaların şansını artıran bir tendensiyadır”.
48 komandalıq sistemdə Avropaya 16, Afrikaya 9, Asiyaya 8, Cənubi Amerikaya 6, Şimali və Mərkəzi Amerikaya 6, Okeaniyaya 1 yer ayrılır. 2 vəsiqənin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 8 dünya çempionatının seçmə mərhələsində, 4 Millətlər Liqasının qrup mərhələsində ələnib.
Nailə Qasımova,
Medianews.az