Bu, nə oynağanlıq epidemiyasıdır, paytaxtı bürüyüb? Hər gün qız-gəlinlər, hətta yetkinlik yaşına çatmayan qızlar şəhərin mərkəzinə, 100 ildir “Torqovı” adlandırılan Fəvvarələr meydanına axışır, bir dondurma satanın qabağında əzilə-büzülə rəqs edirlər. Hələ bunun videosunu da çəkib yayırlar.
Mat qalmalı işdir. Gerçəkdən, bu nədir belə? Nə çılğınlıqdır? Mənası, ictimai-mədəni əhəmiyyəti nədir? Dondurmaçının qarşısında oynayanda nə olur, oynayanlara nə verirlər?
“Çılğın dondurmaçı” ləqəbi almış Mehmetin bu əttökən şoudan nə qazandığ bəllidir. Adamın köşkünün reklamı gedir, tamaşaya duranların on beşindən biri ondan dondurma alsa, nəyinə bəs deyil?
Hələ soyadı da Dinçmiş Mehmet bəyin. Amma belə görünür ki, Nadinç olmalıymış, çünki arkadaş farağat adama oxşamır. Çünki adamlar birdən-birə gedib onun köşkünün qabağında oynamağa başlamayıblar. Bunu ilk dəfə Mehmet özü bir yaxın adamının və ya muzdla şouya cəlb etdiyi qadının iştirakı ilə edib, videoya çəkib, yayıb, trendə çevirib.
Şəhərin peşəkar və həvəskar rəqqasələri, rəqs dərnəyindən yarımçıq çıxmışları, nə bilim, rəqs etməyi fanatikcəsinə sevənləri, əllərindən rəqs etməkdən başqa bir şey gəlməyənləri də sanki bir himə bənd imiş, tökülüşüblər “Torrovı”ya.
Özü də nə işdirsə, “çılğın dondurmaçı”nın qarşısında icra edilən rəqs nömrəsi mütləq yüngül paltarda olmalıdır, rəqs edənin təbii gözəllikləri (eləcə də estetik əməliyyat nəticəsində sonradan qazanılmış yaraşığı) 3d formatında nümayiş olunmalıdır. Milli rəqslər və abırlı geyim keçərli deyil. Ortada çılğınlıq və erotizm olmalıdır. Yoxsa şou cəlbedici olmaz.
Maşallah olmasın heç, özünü sərgiyə çıxaranlar az deyil. Özü də bunlar o adamlardır ki, beş metr o tərəfdə bir azərbaycanlı dondurmaçı desə ki, ay bacılar, gəlin mənim köşkümün qabağında da bir az oynayın, Orta Şərq rəqslərinin ifaçıları ona deyərlər ki, get, anqır tayını tap, əə, biz sənin üçün quş-zadıq. “Get, ananı, bacını oynat” deyərlər.
Niyə belə deyərlər, bilirsinizmi? Çünki başqa ölkədən gəlmiş dondurmaçının qarşısında oynamaqla yerli dondurmaçının qarşısında oynamaq eyni şey deyil. Bizim kişi dondurmaçılar oynayana pis gözlə baxarlar, amma Mehmet bir az ibnələrə oxşayır, ona görə sevimlidir.
Belə trendlər, bənzər epizodlar xarici ölkələrdə, xüsusilə də Avropada tez-tez olur. Adamlar şəhərin sırf piyada gəzinti üçün nəzərdə tutulmuş küçələrində dolaşarkən rəqs edən, çalıb-oxuyan qruplara rast olur və onlara qoşulurlar. Yekə bir mərəkə əmələ gəlir.
Məsələn, o gün internetdə bir video yayılmışdı: Avropa şəhərlərinin birində meydana cəm olmuş və qurşaqdan yuxarı soyunaraq Kərbəla faciəsinin növbəti ildönümünü qeyd edən şiələr mərsiyə sədalarının ritmi ilə sinə vurur, rəqsə oxşayan hərəkətlər edirlər. Bir əcnəbi qadın bunun ritual olduğunu anlamır, sinə vuranlara yaxınlaşır, bel çantasını çıxarıb yerə qoyur, ayaqqabısını çıxarır, mərsiyənin ritmini tutur, sinə vuranlar kimi hərəkətlər etməyə başlayır. Bu dəmdə hicablı qadınlar ona yaxınlaşır və başa salırlar ki, bu, onun bildiyi kütləvi rəqslərdən deyil.
Yazıq nə bilsin? Birdən-ikiyə Avropanın mərkəzində belə şey görüb? Yenə katoliklərin törətdiyi Varfolemey qırğınının ildönümü bu cür qeyd edilmiş olsa, ritual qadına tanış gələrdi.
Xüləs, qayıdaq Fəvvarələr meydanına. İndi maraqlıdır, kişilər də o “çılğın dondurmaçı”nin qarşısında rəqs edə bilərlərmi? Məsələn, toylarda rəqs edə-edə bəy-gəlinə aş gətirən rəqqas-ofisiantların bir qrupu mülki paltarda gələr, köşkün qabağında “Qaytağı” və ya “Dərviş Parisi partladır” filmindəki Şahbaz bəyin rəqsini oynaya bilərlər. Bunlar da çılğın rəqslərdir. Yoxsa Mehmetin trendinin devizi “Ay qız, sən oyna, incəbel oynasın”dır?
İndi deyirlər, sosial şəbəkələrdə yayılan görüntülər, xüsusilə də yüngül geyimli qadınların bu şouya qoşulması narazılıqla qarşılanır, hətta publik olaraq o qadınlar haqqında sərt və təhqiramiz ifadələr işlədənlər var. Onlardan biri də müğənni Nadir Qafarzadədir.
Nadirin Türkiyə ilə bağlı mövqeyi çoxdan bəllidir, nəyə görəsə hər zaman Anadolu türklərinə qarşı çıxışlar edir. Adam heç nəzərə də almır ki, ona yaxşı pul və şöhrət qazandıran “Maral” mahnısını Qarsdan olan Azər Bülbül bəstələyib. Bu heç. Amma Nadir düz deyir, küçənin ortasında, dondurma köşkünün qabağında qol götürüb oynamaq ayıbdır. Mehmetin yaydığı videoların milyonlarla izləyicisi var, hamı görür. Bir həvəskar adam o rəqs edən qadınlardan birinin toyda oynadığı yerdə videosunu çəksə, kişi qohumu böyürdən çıxıb dalaşar, video çəkəni yortmaq istəyər. Amma rəqs videosunu Mehmet çəkəndə dinən yoxdur.
**
Dünya köhnə dünyadır, rəqqasələri və onların meydanları təzədir.
Samir SARI