ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında başladığı “Azadlıq layihəsi” əməliyyatı Səudiyyə Ərəbistanının hava məkanı və hərbi bazalarından istifadəyə icazə verməməsindən sonra cəmi 36 saat ərzində dayandırılıb.
Medianews.az “NBC News”a istinadən xəbər verir ki, Vaşinqton administrasiyası əməliyyatdan əvvəl Körfəz ölkələrini tam məlumatlandırmayıb.
Bu isə regionda narazılıq yaradıb. Bildirilir ki, Riyad ABŞ-nin Prins Sultan Hərbi Hava Bazasından istifadəsinə və Amerika təyyarələrinin hava məkanından keçməsinə razılıq verməyib.
Məlumata əsasən, Məhəmməd bin Salman ilə Donald Tramp arasında telefon danışığı da böhranı həll etməyib. Bundan sonra Vaşinqton əməliyyatı müvəqqəti dayandırmaq qərarı verib.
Səudiyyə mənbələri hadisələrin çox sürətlə inkişaf etdiyini bildirərək, Riyadın İran və ABŞ arasında gərginliyin azaldılması üçün Pakistanın vasitəçilik təşəbbüslərini dəstəklədiyini açıqlayıb.
Əməliyyatın dayandırılmasından sonra diplomatik təmaslar intensivləşib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ tərəfindən təqdim edilən yeni sülh təklifinin nəzərdən keçirildiyini bildirib.
Donald Tramp isə tərəflər arasında razılaşma ehtimalının yüksək olduğunu desə də, nəticə əldə olunmasa hərbi variantın yenidən gündəmə gələ biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazında bloklanan neytral ölkələrə aid gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə başladılmışdı. ABŞ Dövlət katibi Marko Rubio əməliyyat çərçivəsində 87 ölkədən təxminən 23 min mülki şəxsin təxliyəsinin planlaşdırıldığını açıqlamışdı.
Medianews.az