Məlum olduğu kimi, İran Hörmüz boğazı üzərində ABŞ-ın “Apache” hərbi helikopterini vurub.
Nəticədə helikopterin iki pilotu təxminən iki saat suda qalıb.
Medianews.az xəbər verir ki, ABŞ tarixində ilk dəfə olaraq pilotları xilas etmək üçün dəniz dronundan - pilotsuz hərbi qayıqdan istifadə olunub. Belə ki, pilotsuz qayıqlar iki saat sonra helikopterin pilotlarını tapıb və onları sahilə çıxarıb.
Xilasetmə əməliyyatında istifadə olunan bu dəniz dronu “Saronic Corsair” adlanır. Uzunluğu 7,3 metrdir. Avtonom rejimdə fəaliyyət göstərir və Pentaqonun pilotsuz sistemlərin geniş tətbiqinə yönəlmiş proqramının bir hissəsidir.

Şəkildə: “Saronic Corsair” dəniz dronları
ABŞ Hərbi Dəniz Qüvvələri 2021-ci ildə “Task Force 59” adlı xüsusi bölmə yaradıb. Bəhreyndə yerləşən bu qüvvə pilotsuz sistemlər üzrə ixtisaslaşmış ilk hərbi dəniz qrupudur. “Corsair” aparatları Yaxın Şərqdə ilk dəfə 2026-cı ilin mart ayının sonunda istifadəyə verilib.
ABŞ həm suüstü, həm də sualtı pilotsuz aparatlardan istifadə edir. Bu sistemlər kəşfiyyat, müşahidə, mina aşkarlanması və digər missiyalarda insan heyəti üçün riski azaltmağa imkan verir. Ən qabaqcıl sualtı sistemlərin bir hissəsi isə məxfi saxlanır.
Pentaqon hesab edir ki, pilotsuz qayıqlar donanmanın imkanlarını artırmağın və təhdidlərə daha sürətli cavab verməyin nisbətən ucuz yoludur. ABŞ Hərbi Dəniz Qüvvələri gələcəkdə yüzlərlə, hətta minlərlə “Corsair” tipli aparatı istifadəyə verməyi planlaşdırır.
ABŞ-ın Hörmüzdəki son əməliyyatı göstərir ki, dəniz dronları artıq yalnız kəşfiyyat və müşahidə vasitəsi deyil, həm də insanların xilas edilməsi kimi mürəkkəb missiyaları yerinə yetirə bilən çoxfunksiyalı platformalara çevrilir.