“Kölgəlicə qaba ağacın kəsilməsün”
(Dədə Qorqud dastanı)
Tovuz rayonunda bir ağac var, camaat başına fırlanıb dilək tutur, dua eləyir, şam yandırır, nə bilim, dombalaq aşırmış. Açığı, mənim bundan xəbər tutmağım da möcüzə şəklində oldu, çünki ağac istəməsə sən onun haqqında xəbər tuta bilməzsən. Necə ki, Həcc ziyarəti də eyni cür baş tutur. Həcc özü istəməsə, sən gedə bilməzsən. Məsələn, bu yaxında açıqlandı, sən demə Səudiyyə kralının bizim camaata ayırdığı kvota ildən-ilə aşağı düşürmüş. 2008-ci ildə 6 min hacımız gedibsə, bu il 1500 nəfər tapılmır. Guya qiymətlər 5 min dolları keçdiyi üçün xalqın pulu yoxdur. Bəhanədir. Əsas odur məkan sənin orda olmağını arzu edir, ya yox. İstəməsə lap İlon Mask kimi 800 milyardın olsun, gedə bilməzsən.
Əlbəttə, yuxarıdakı abzas yarızarafat idi, rayondakı ağac barədə xəbər qəzetin ən çox oxunanlar qrafasında birinci yerdə olmasa mən bunu bilməzdim. Hətta o boyda vitse-prezidentin səfəri xalqımızı ağac qədər maraqlandırmır. Niyə belədir, bunu sosioloji araşdırmağı Zahid Orucun ixtiyarına buraxaq. Metamorfoz araşdırma olmaz, inşallah.
Lakin bir təbiət aşiqi olaraq mən özüm bir-iki düşüncəmi yazmağı borc bilirəm.
Əvvəla, camaatın ağaca ibadət eləməyi şəxsən məni çox sevindirir. Deməli xalqımız təbiəti sevir, onunla emosional bağlılıq duyur – zəhləmgetmiş psixoloqların sözü olmasın...
İkincisi, hansısa ağac üzü görməyən səhra bədəvilərinin uydurduğu fantastik ideologiyalardansa, ağaca, təbiətə pərəstiş, təbiətdən imdad diləmək, kömək istəmək bəyəm əla deyilmi? Əladır. Buna “küfr, şirk-mirk” deyənlər getsin özünü partlatsın – mümkün qədər aralıda. Bizə dədə-babadan yaşadığımız dünyanı qorumaq, onunla bir can qəlbdə olmaq öyrədilib. Mənim dədə-babam, nənələrim həmişə “o işıq haqqı”, “o gün haqqı” deyib and içirdilər. Əncir və çinarı kəsməyi qadağan edirdilər.
Üçüncüsü, hazırda bütün dünyada bu hal trenddir, dəbdədir. “Avatar” filmində ağaca ibadət havadan, boş yerə təsvir edilməyib ki? Dünyanın ən çox baxılan filmlərindəndir. Əgər bizim kinostudiyanı satıb yerində əyri gözdələn-gözəgirənlər (göydələn yazmaq ayıbdır) tikməsəydilər bəlkə milli kinomuz həmin rayondakı ağac barədə gözəl filmlər istehsal edərdi.
Dördüncüsü, hər bir kənd uşağı bilir: ərazidə elə ağac olur ki, o, sözün əsl mənasında həmin camaata həyat verir. Qozunu, armudunu, şabalıdını, fındığını yeyirsən, satırsan, yaşayırsan. Qışda quru budağını yandırıb isinirsən. (Nə etmək olar, qazla molla və keşişlər isinirsə, şaman balaları odun sobası qalamalıdır). Ağac var kölgəsi dərmandır, ağac var eləcə havası. Ev tikəndə tir olur, lap belə hansısa lotuya pir olur, pul qazanır. Hamı dövlət büdcəsindən oğurlaya bilmir axı. Bəzilərimizin əli ağaca çatır.
Bax, hansısa deputatın-filanın bu ağaca fırlanmağı pisləməyinin kökündə də həmin qısqanclıq durur. İstəmirlər camaat hökuməti qoyub başqasına sitayiş eləsin. Ancaq gerçək deputat xurafatı, mövhumatı pisləyəndə (əslində bütün dinlər başdan-başa xurafatdır, başqa hansısa tərkibi olmur, lakin indi mövzumuz bu deyil) hərdən mandatı qabağına qoyub bunu da fikirləşməlidir ki, ayə, axı bu camaat niyə dərdinə, probleminə əlacı ağacda axtarır? Bu millət niyə dağa-dərəyə düşür, meşəyə girməyə məcburdur? Biz bunların pişiyini ağaca necə, nə üçün, niyə dırmaşdırmışıq?
Əsas suallar bunlardır. Yoxsa kimin nə işinə qalıb, kim nəyə inanır? Bunlar şəxsi məsələdir. İstəyirsən get Ramiz müəllimin dollar yeşiklərinin başına fırlan. Prokurorun maşınını öp. Anarın qəlyanına dua elə. Bizə nə?
Ağac başına dolanan, ağacdan dilək tutanların isə qədəmlərinə qurban olaram. Şəxsən. Onlar dünyamızın ən saf adamlarıdır bəlkə də.
P.S. Bir mineralogiya aşiqi, daş-qaya xəstəsi kimi daş başına fırlananlara da böyük sevgim var, şübhəsiz.