Son zamanlar qida məhsullarının qiymətində, gömrükdən gələn rüsumlarda və nəqliyyat xərclərində artım müşahidə olunur. Qaz və işıq tariflərinin yüksəlməsi də əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Vergi artımı isə həm sahibkarların, həm də digər vətəndaşların maliyyə yükünü daha da ağırlaşdırır. Qida məhsulları, vergilər və kommunal xərclərdəki bu artım gələn ildə də davam edəcəkmi?

Medianews.az-a açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı bildirib ki, Azərbaycanda qiymət artımları əslində davamlı olaraq baş verir:
“Bu proses inersiya ilə, spiralvari şəkildə, o qədər də hiss olunmayan, qabarıq olmayan formada gedir. Məhz bunun nəticəsidir ki, bəzi əhali qruplarının, o cümlədən pensiyaçıların indeksasiya hissəsində cüzi artımlar olur, lakin onların da gəlirləri sürətli qiymət artımlarına çata bilmir. Elə muzdla çalışanlar var ki, onların gəlirləri ümumiyyətlə artmır. Muzdla çalışanların (1,7 mln. nəfər) gəlirləri artan qiymətlərlə uyğunlaşa bilmir, haradan qala həssas sosial qrupların bununla ayaqlaşması baş tutsun. Bu ciddi problemdir.
Vergi artımları yolu ilə hansı sosial qrupdan olmasından aslı olmayaraq əhali gəlirlərinin bir qismi fiskal qurumlara çatacaq. Bu isə gəlir bölgüsündə biznes subyektləri və əhali qrupları ilə müqayisədə dövlətin fiskal qurumlarının yığımları artacaq. Bu da gəlir kanallarının azalması yolu ilə, dövlət büdcəsinin daxilolmaların artmasına təkan verəcək”.

İqtisadçı ekspert Eyyub Kərimli də saytımıza mövzu ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, 2026-cı ildə vergi tətbiq olunacaq sahələr artıq təsdiqlənib. Ekspertin sözlərinə görə, əmək haqqından 3 faiz, Sosial Müdafiə Fondu ilə bağlı isə sahibkarlar üçün dövriyyədən 2 faiz tutulacaq. Növbəti ilin artım vergiləri də artıq müəyyənləşib.
Kommunal xərclərlə bağlı isə ekspert konkret rəqəm açıqlaya bilməyib: “Bu, bəzi hallarda dövlət qurumlarının təklifi və ya müraciət əsasında həll olunur. Bu məsələyə dair hələ konkret fikir bildirmək mümkün deyil”.
O qeyd edib ki, bu artımlar müəyyən inflyasiya təsiri yarada bilər və digər sahələrdə də qiymət artımı müşahidə oluna bilər: "Qida məhsullarına gəldikdə isə bəzi hallarda qiymət artımı hiss edilir. Hazırda ət məhsullarında ciddi qiymət artımı müşahidə olunur, lakin xaricdən ətin idxalının artması yerli məhsulun qiymətinin aşağı düşməsinə səbəb ola bilər".
Ekspert əlavə edib ki, dabaq xəstəliyi ilə bağlı vəziyyət qiymətlərin dəyişməsinə təsir göstərə bilər: “Gələcəkdə ətin qiymətində həm artım, həm də düşüş baş verə bilər”.
Oğuz Ayvaz,
Medianews.az