Almaniyada yaşayan bloqçu Qabil Məmmədovun Azərbaycanda qiyabi mühakiməsi başa çatıb.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Qabil Məmmədova Cinayət Məcəlləsinin iyirmi dörd maddəsi (178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələr) ilə yenidən ittiham elan edilməsi haqda qərar qəbul edilib, lakin xaricdə yaşadığından ona ittiham elan etmək mümkün olmayıb.
2025-ci ilin yanvarında Qabil Məmmədova Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində qiyabi məhkəmə araşdırması başlanıb. İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm elan edilib, Q.Məmmədov barəsində 16 il azadlıqdan məhrumetmə ilə bağlı ittihamedici hökm çıxarılıb.
Qiyabi hökm Qabil Məmmədova hansı problemlər yarada bilər? Qiyabi hökmdən sonra Azərbaycan dövlətinin, hüquq mühafizə orqanlarının Qabil Məmmədov barəsində atacağı addımlar nədən ibarət ola bilər?
Medianews.az saytının suallarına cavab olaraq hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan Qabil Məmmədovu İnterpol xətti ilə axtarışa verə bilər: “Bundan başqa, Qabil Məmmədov əgər yaşadığı Almaniyada siyasi sığınacaq almayıbsa, Azərbaycanın hüquq mühafizə orqanları onun ekstradisiyasına nail ola bilər: “Yox, əgər Almaniyada siyasi sığınacaq alıbsa, bu halda da o, indən belə ən azı Almaniyanın hüdudlarını tərk etmək istəyəndə ehtiyatlı davranmağa məcbur olacaq. Çünki hətta Almaniya onu ekstradisiya etməyə razılaşmasa da, başqa ölkədə olduğu vaxt tutulub Azərbaycana verilməsi mümkündür. Yəni Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində çıxarılmış qiyabi hökm Qabil Məmmədovu indən belə müəyyən qədər həm mənəvi-psixoloji, həm də hüquqi cəhətdən təqib edən bir amilə çevrilə bilər”.
Nailə Qasımova,
Medianews.az