Medianews.az
İlham Əliyevlə Nikol Paşinyan nəyi müzakirə edəcəklər? – <span style=color:red>Gözlənilən nəticələr
225 baxış

İlham Əliyevlə Nikol Paşinyan nəyi müzakirə edəcəklər? – Gözlənilən nəticələr

“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşəcəyi gözlənilən idi. Bir müddət öncə bu məlumatlar mediada yayılmışdı. Görüş üçün Birləşmiş Ərəb Əmirliklərinin seçilməsinə səbəb bu ölkənin həm Azərbaycanla, həm də Ermənistanla normal münasibətlərdə olmasıdır. Birləşmiş Ərəb Əmirlikləri ilə bizim münasibətlərimiz xüsusilə son illərdə xeyli inkişaf edib. Qarşılıqdı səfərlər olub, COP 29-la bağlı ciddi əməkdaşlıq formatımız gerçəkləşib. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına investisiya qoyan əsas ölkələrdən biridir. Bu ölkənin “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsindəki fəaliyyəti diqqətəlayiq bir məsələdir. Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq nüfuzu, ayrı-ayrı dövlətlərlə normal münasibət saxlaması, münaqişədə olan tərəflər arasında danışıqlara ev sahibliyi etmək təcrübəsi Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüş yeri kimi Əbu-Dabini seçməsində mühüm rol oynayıb”. Politoloq Oqtay Qasımov Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək ikitərəfli görüşü Medianews.az-a şərh edərkən belə deyib. Politoloq bildirib ki, bu görüşdə çox ciddi irəliləyişlərin olacağını söyləmək çətindir: “Amma düşünürəm ki, bu görüş iki ölkə rəhbərləri arasında ən məhsuldar görüşlərdən biri ola bilər. Çünki faktiki olaraq sülh müqaviləsinin mətni razılaşdırıldıqdan sonra ölkə liderləri ilk dəfə təkbətək formatda görüş keçirəcəklər. Anlaşılmaz və həll edilməmiş məsələlər müzakirə olunacaq və onların həlli yolları axtarılacaq”. O.Qasımov güman edir ki, müzakirə olunacaq məsələlər bu istiqamətləri əhatə edəcək: “Birincisi Zəngəzur dəhlizi, dəhlizdə gediş-gəliş rejiminin hansı formada olması məsələsidir. Azərbaycanın tələbi bəllidir. Azərbaycan vətəndaşları, yüklər, avtomobillər bu dəhlizdən təhlükəsiz və maneəsiz keçid əldə etməlidir. Əlbəttə, dəhlizə nəzarət əsas məsələlərdən biridir. Məlum olduğu kimi, hazırda bu məsələ ilə bağlı Rusiya ilə Qərb arasında rəqabət var. Ermənistan dəhlizə nəzarətin Rusiyaya verilməsində maraqlı deyil. Yayılan iddialara görə, dəhlizə nəzarət Amerika şirkətinə veriləcək və Nikol Paşinyan buna etiraz etmir. Azərbaycan üçün vacib məqamın nə olduğunu isə bayaq qeyd etdim. Şübhəsiz ki, bundan başqa Ermənistan Konstitusiyasına dəyişikliklər, ATƏT-in Minsk qrupunun buraxılması üzrə müzakirələr davam etdiriləcək. Minsk qrupunun buraxılması ilə bağlı müəyyən bir razılaşmanın əldə ediləcəyini düşünürəm. Son nəticəyə yaxınlaşmaq mümkün ola bilər. Ermənistan gələn ilki parlament seçkilərindən sonra konstitusiyasına dəyişikliklər edəcəyi haqda öhdəlik götürə bilər. O zaman Azərbaycan və Ermənistan arasında müəyyən çərçivədə saziş imzalana bilər. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycanın qeyd etdiyimiz iki tələbi (konstitusiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması) yerinə yetirilməsə, yekun sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Bütün hallarda hesab edirəm ki, 10 iyul danışıqları indiyədək iki lider arasında keçirilən ən məhsuldar görüşlərdən biri ola bilər”. Lamiyə, Medianews.az

Bizə qoşulun