21.06.2025, 14:59
355 baxış
Azad
Azərbaycan konstitusiya referendumuna gedir?
Azərbaycanda konstitusiya referendumu ola bilər. Medianews.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiqlənməsi proseduru Milli Məclisdə başa çatandan sonra ölkədə konstitusiya referendumunun keçirilməsinə zərurət yarana bilər.
Naxçıvan Konstitusiyasına dəyişikliklər layihəsini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu il iki dəfə - fevralın 20-də və mayın 21-də səsə qoyaraq qəbul edib (Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur, ikinci səsvermə birinci səsvermədən üç ay sonra keçirilir).
Bundan sonra Ali Məclis layihəni təsdiq olunması üçün Milli Məclisə göndərib (Ali Məclisin Naxçıvan Konstitusiyasına etdiyi dəyişiklik Milli Məclisdə konstitusiya qanunu ilə təsdiqləndikdə qüvvəyə minir).
İyunun 21-də Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Beləliklə, Naxçıvan Konstitusiyası dəyişir. Lakin elə məsələ var ki, onun dəyişməsi üçün Azərbaycan Konstitusiyası da dəyişməlidir.
Məsələn, mövcud Naxçıvan Konstitusiyasının 5-ci maddəsi “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlanır. Bu maddəyə görə, “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir”.
Milli Məclisin birinci oxunuşda qəbul etdiyi layihədə bu maddənin bütünlüklə ləğv olunması təklifi yer alıb. Yəni maddə bütöv şəkildə Naxçıvan Konstitusiyasından çıxarılır.
Amma iş orasındadır ki, Ali Məclis sədrinin Naxçıvanın ali vəzifəli şəxsi olduğu təkcə Naxçıvan Konstitusiyası ilə yox, Azərbaycan Konstitusiyası ilə də təsbit edilib.
Azərbaycan Konstitusiyasının 136-cı maddəsi belə adlanır: “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi”. Həmin maddədə deyilir: “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir”.
İndi ortaya sual çıxır: Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir? Hazırkı Azərbaycan və Naxçıvan konstitusiyalarına görə, bu şəxs Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Bəs 5-ci maddə Naxçıvan Konstitusiyasından çıxarılandan sonra muxtar respublikanın ali vəzifəli şəxsi kim olacaq? Naxçıvan Konstitusiyasına görə, daha muxtar respublikanın vəzifəliləri arasında bu statusda şəxs olmayacaq. Amma Azərbaycan Konstitusiyasına görə, “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir” axı.
Azərbaycan Konstitusiyası Naxçıvan Konstitusiyasından üstün sənəddir. Ona görə Naxçıvan Konstitusiyasında olmasa belə, Azərbaycan Konstitusiyasında varsa, deməli, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olaraq qalır.
Yəni Naxçıvan Konstitusiyası dəyişəndən sonra da Ali Məclisin sədri muxtar respublikanın ali vəzifəli şəxsi sayılacaq və sayılmalıdır da. Yalnız Azərbaycan Konstitusiyası dəyişərsə, 136-cı maddə ölkənin ana qanunundan çıxarılarsa, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi statusunu itirə bilər.
Azərbaycan Konstitusiyası isə yalnız referendumla dəyişə bilər...
Medianews.az
Paylaş: