Medianews.az
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - <span style=color:red>Bunu açıq demək yaxşıdır
207 baxış

İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - Bunu açıq demək yaxşıdır

İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasının qarşısının məhz İran tərəfindən alındığı barədə fikir söyləyib. Bunun üzərində çox dayanmağa ona görə ehtiyac yoxdur ki, bu sayaq layihələrin qarşısını almaq İranın boyu tutan məsələ deyil və hər kəs bunu bilir. Cənab Vilayətinin o fikri daha çox diqqət çəkdi ki, Zəngəzur dəhlizinin açılması İranın Avropa ilə bağlılığını kəsir. Fikir verin, guya Ermənistan ərazisi İrana Avropa ilə quru bağlantı qurmaq üçün lazım imiş və guya Zəngəzur dəhlizinin açılması İranı bu şansdan məhrum edir. Elə bil uşaq başı aldadırlar. Zəngəzur dəhlizinin açılmasını istəmirsinizsə, bunu açıq demək daha ciddi olardı, nəinki qeyri-ciddi arqumentlər gətirib ifşa olunmaq. Vilayəti 1990-cı illərdə İranın xarici işlər naziri idi, o zaman Naxçıvana da gəlmişdi, Naxçıvan Dövlət Universitetində ümumi görüş də oldu. Təmkinli diplomat kimi xatirimdə qaldı. Ancaq İranın Avropa ilə quru əlaqəsinə Ermənistanın nə dəxli var? Məgər Ermənistanın özünün Avropa ilə quru bağlılığı var?! Ermənistan bunun üçün Gürcüstana möhtacdır, hələ Türkiyə ilə sərhədlərini aça bilməyib. Özü dalanda olan Ermənistan Avropaya çıxış açmaqda İran üçün hansı qapı rolunu oynaya bilər? İrana Avropaya quru çıxış lazımdırsa, bunu Türkiyənin və Azərbaycanın üzərindən etmək daha rahat olardı. Demək, İran üçün Zəngəzur dəhlizinin açılmasının əlverişsiz olması tam başqa səbəblərlə bağlıdır və İran burada Avropa ilə əlaqə məsələsini çox uğursuz arqumentlə əsaslandırır. Sadə səbəb budur ki, İranın Azərbaycana etimadı tam deyil, İran Ermənistanı çox yaxın müttəfiq sayır, bu səbəbdən Ermənistanla öz arasında heç bir dəhliz kəsintisi istəmir. Bu dəhlizin Avropa ilə İranın bağlılığına isə heç bir maneçiliyi yoxdur. Aydın Quliyev, politoloq

Bizə qoşulun