“Dövlət İmtahan Mərkəzi (DİM) bir daha sübut etdi ki, nə ədalət, nə şəffaflıq, nə də peşəkarlıq bu qurumun fəaliyyət prinsiplərinə daxildir”.
Təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, 2025-ci il buraxılış imtahanlarının nəticələri ilə bağlı minlərlə şagird haqlı olaraq narazılığını ifadə edib: “Apellyasiya komissiyasına edilən müraciətlərə isə DİM nəinki obyektiv yanaşmadı, hətta öz iş prinsiplərinə zidd olaraq şikayətçinin arqumentlərini dinləmədən, birtərəfli və qapalı şəkildə qərar çıxardı. Bu birbaşa iştirakçıların konstitusion hüquqlarının tapdanmasıdır!
Daha biabırçısı isə odur ki, DİM özü 2 mindən çox imtahanın səhv yoxlandığını etiraf etdi! Bu sadəcə texniki xətalar deyil – bu, minlərlə şagirdin gələcəyinə vurulan zərbədir. Bu onların psixoloji durumuna, motivasiyasına və bəlkə də həyat yoluna müdaxilədir. 300 bal toplayan bir şagirdin belə nəticəsinin əvvəlcə yanlış qiymətləndirilməsi isə DİM-in nə dərəcədə qeyri-peşəkar və məsuliyyətsiz çalışdığını açıq göstərir”.

K.Əsədovun fikrincə, DİM artıq təkcə imtahan keçirə bilməmək kimi bir problemlə deyil, eyni zamanda düzgün yoxlama aparmaq, haqlı narazılığı dinləmək və ədalətli qərar vermək qabiliyyətinin olmaması ilə üz-üzədir: “Bu sistem nə tərbiyə verir, nə də etimad yaradır. Belə bir şəraitdə “ölkədə təhsil inkişaf edir” demək, sadəcə özünü aldatmaq deməkdir. Bu ölkədə minlərlə savadlı uşaq DİM-in laqeydliyi və savadsızlığı üzündən gələcəyini itirir. Mənim imtahan sisteminə güvənim qalmayıb! DİM islahat yolu keçməlidir”.
Nailə Qasımova,
Medianews.az