Medianews.az
“Azercell” müştərilərdən pulu necə çəkir? - <span style=color:red>Bunları bilirdinizmi?
308 baxış

“Azercell” müştərilərdən pulu necə çəkir? - Bunları bilirdinizmi?

Hörmətli “Azercell” abunəçiləri! Zəhmət olmasa cəmi doxsan doqquz sözdən (!) ibarət bu ikicə cümləni oxuyun: “Tərəflər razılaşırlar ki, “AZERCELL” xidmətlərinin qiymətləri “AZERCELL” tariflərinə uyğun müəyyən edilir. Tariflər “AZERCELL” tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müfaviq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər”. Bir şey başa düşdünüzmü? Düşmədinizsə deyək: bu, “Azercell” mobil operatorunun sizinlə bağladığı Abunə Müqaviləsinin 2.7.-ci maddəsidir. Həmin maddəyə əsasən, “Azercell” tarifləri dəyişdirir və bir də baxırsınız ki, nömrənizdən əlavə pul çıxır. Son günlər bir çox istifadəçi bundan şikayətçidir. İstifadəçilər deyirlər ki, tariflər onların xəbəri olmadan dəyişdirilir, nömrələrindən müəyyən məbləğdə vəsait çıxılır. Şikayətçilərdən biri də bloqer Şəfəq Məmmədovadır. O, “Azercell”in qaynar xəttinə zəng edərək məsələni aydınlaşdırmağa çalışıb. Operator bildirib ki, nömrə alarkən imzalanan müqavilənin 2.7-ci maddəsinə əsasən, abonentə təqdim olunan tariflərdə şirkət tərəfindən abunəçiyə xəbər vermədən birtərəfli və ya qabaqcadan xəbərdarlıq olunaraq dəyişiklik etməyə tam hüququ var.
 
View this post on Instagram
 

A post shared by Medianews.az (@medianewsaz)

Məsələ ilə bağlı Medianews.az saytı “Azercell Telekom” MMC-nin mətbuat xidmətinə müraciət edib: "Azercell" nəyə əsasən abunəçilərin xəbəri olmadan tarifləri dəyişdirir, istifadəçilərin balansından vəsait çıxarır? Saytın sorğusuna belə bir cavab gəlib: “Müraciətinizlə əlaqədar bildiririk ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq Azercell mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. Azercell olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Azercell tərəfindən təqdim olunan telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsini, mobil internetə olan tələbatın daim artdığını nəzərə alaraq, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə internet və danışıq dəqiqələrinin bir araya gəldiyi ən sərfəli tarif paketləri tövsiyə və təklif edilir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilmişdir. Dəyişikliyə dair elan 25.01.2025-ci il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər müqavilədə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır: https://www.azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1737753596/350893 Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəzləmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər”. Beləliklə, aydın olur ki, Abunə Müqaviləsinin, Allah bilir, neçə abunəçinin oxuduğu və oxuyanlardan neçəsinin başa düşdüyü 2.7.-ci maddəsinə əsasən, “Azercell” KİV-də, konkret desək, "Azərbaycan" qəzetində 25.01.2025-ci il tarixində elan dərc edibmiş və bununla da “müqavilədə müəyyən edilmiş qaydada” abunəçiləri məlumatlandırıbmış. Hörmətli Azercell abunəçiləri! Hansınız həm də "Azərbaycan" qəzetinə abunəsiniz? Əgər abunə deyilsinizsə, çox nahaq, yazılmaq gərəkdir. Bunun başqa faydası da olacaq. Yüz ildən çox yaşı olan, bu gün də ən peşəkar jurnalistlərin çalışdığı həmin rəsmi və ciddi qəzetdə - “Tariflər “AZERCELL” tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müfaviq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər” kimi cümləyə rast gəlməməyin nə qədər böyük xoşbəxtlik olduğunu bir daha biləcəksiniz. İndi baxaq görək 25.01.2025-ci il tarixində "Azərbaycan" qəzetində dərc etdirdiyi elanda “Azercell Telekom” biz abunəçiləri nə barədə məlumatlandırıbmış. Həmin elanı olduğu kimi diqqətinizə çatdırırıq.

Azercell abunəçilərinin nəzərinə

21.12.2024-cü il tarixli “Azərbaycan” qəzetində dərc edilmiş elan aşağıdakı kimi oxunmalıdır:

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən aşağıdakı şərtlər tətbiq ediləcək:

  • Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
  • Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq (otuz təqvim günü) abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir. Növbəti aylıq abunə haqqı istifadə müddətinin sonunda avtomatik hesablanaraq balansdakı vəsaitdən çıxılacaq. Nömrədə mövcud olan tarif paketi başqası ilə əvəz edilənədək nömrənin balansında kifayət qədər vəsait olduqda müvafiq qaydaya uyğun olaraq aylıq abunə haqqı avtomatik hesablanıb çıxılmaq ilə tarif paketlərindən istifadə imkanı təqdim ediləcək. Nömrənin balansında aylıq abunə haqqı məbləğinin çıxılması üçün lazımi qədər vəsait olmadıqda, həmçinin abunə haqqı müqabilində təqdim edilən istifadə imkanı bitdikdə, müvafiq tarif paketinin şərtlərinə uyğun olaraq xidmətlərdən istifadə imkanı təmin ediləcək.
  • Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 AZN xidmət haqqı tətbiq ediləcək.
  • Fakturasız (SimSim) xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 AZN xidmət haqqı tətbiq ediləcək.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Bir şey başa düşdünüzmü? Başa düşmək üçün gərək əlinizdə “Azərbaycan” qəzetinin tək builki yox, keçənilki nüsxələri də ola. Yaxşı, bu işdə də sizə yardımçı olaq. Buyurun, “Azercell”in 21.12.2024-cü il tarixində “Azərbaycan” qəzetində dərc etdirdiyi elanı oxuyun:

Azercell abunəçilərinin nəzərinə

Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan xidmətlərin optimallaşdırılması məqsədilə 23 yanvar 2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sistemləri abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart" və "Əkiz Kart" xidmətləri ləğv ediləcək.

"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər 23 yanvar 2025-ci il tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilər.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

İnsafən, pis yazılmayıb, anlamaq olur. Amma anlaşılmazlıq yaradan odur ki, niyə 21.12.2024-cü il tarixli o elan elə o elan kimi yox, 25.01.2025-ci il tarixli elan kimi oxunmalıdır? O elanın bu elan kimi oxunması nə deməkdir, bunu necə başa düşmək lazımdır? Bəli, “Azercell” bir dəryadır. Amma baş vuranda ehtiyatlı olun, qayalara çırpıla bilərsiniz. Bunu “Azercell”in qələmindən çıxan, az qala hər mətndə rastlaşdığımız sözlərlə ifadə etsək, “təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan xidmətlərin optimallaşdırılması məqsədilə” deyirik... Medianews.az

Bizə qoşulun