İsrail rəsmiləri aprelin 30-u səhərdən ölkədə baş alıb gedən meşə yanğınlarının təsadüf olduğuna inanmır.
Medianews.az xəbər verir ki, İsrailin fövqəladə hallar üzrə qurumunun rəsmisi yanğınları “terror hücumu” adlandırıb. O bildirib ki, eyni vaxtda ayrı-ayrı 20 yer alovlanmağa başlayıb.

Aprelin 30-u axşam isə İsrail polisi Qüdsdə meşəqırağı sahələrin birində yanğın törətməyə cəhd göstərən şübhəlini yaxalayıb.
50 yaşlı şübhəlinin avtomobilindən alışdırıcı maddə, bir topa pambıq və sahəni alovlandırmağa yaraya biləcək digər ləvazimatlar tapılıb.

Xatırladaq ki, Qüdsün qərbində başlanan meşə yanğınları sürətlə nəzarətdən çıxıb. Hökumət bir neçə yaşayış məntəqəsindən sakinləri təxliyə edib, bəzi yolları bağlayıb. Aşkelon, Beer Şeva, Modiin və s. şəhərlərində Müstəqillik Günü tədbirləri ləğv edilib.
İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, meşə yanğınlarının havadan söndürülməsi üçün Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən kömək istəyib.
Toğrul Əli,
Medianews.az