Medianews.az
Müsəlman kişi neçə ARVAD ALA BİLƏR? - <span style=color:red>AÇIQLAMA + FOTO
750 baxış

Müsəlman kişi neçə ARVAD ALA BİLƏR? - AÇIQLAMA + FOTO

Bir müddət əvvəl Rusiyada müsəlman kişilərə obyektiv səbəblər və ərin bütün arvadlara bərabər münasibəti nəzərə alınmaqla dördə qədər dini nikah bağlamağa icazə verilmişdi. Hətta bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar (alim və ilahiyyatçılar) Şurasının sədr müavini və Moskva müftisi İldar Alyautdinov məlumat yaymışdı. Qeyd etmişdi ki, kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikaha girməsinə qərar verilib. Onun sözlərinə görə, bu zaman şəxsin reproduktiv yaşı və ya digər obyektiv səbəblər, məsələn, arvadın övlad sahibi olmaq istəməməsi kimi faktlar da nəzərə alınır. Moskva müftisi bildirmişdi ki, bu zaman ər bütün arvadlara bərabər maddi yardım göstərməli, müəyyən olunmuş qaydada onlarla bərabər vaxt keçirməli və hər birini ayrıca mənzillə təmin etməlidir. Əgər bu şərtlər yerinə yetirilməsə, ikinci nikaha icazə verilməyəcək. Arvadlar digər həyat yoldaşlarının varlığından xəbərdar olmalıdırlar - əks halda qadın boşanma tələb edə bilər. Müfti vurğulamışdı ki, belə bir fətva çoxarvadlı kişilərlə dini nikahda olan qadınların hüquqlarının möhkəmlənməsinə kömək edəcək. Lakin bu açıqlamanın üstündən bir-iki gün keçdikdən sonra məlum icazənin aradan götürüldüyünə dair məlumatlar yayıldı. Qeyd olundu ki, çoxarvadlılığa icazə ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Buna rəğmən, sosial mediada çoxarvadlılıq mövzusu davam etdirilməkdədir. Bunu dini baxımdan təbii qarşılayanlar da var, əksini iddia edənlər də. Düzdür, Azərbaycanda qanunvericilik eyni anda iki nikahda olmağı qadağan edir. Bəs İslamda buna münasibət necədir? Birdən artıq qadını özünə arvad edən müsəlman ər hansı dini prinsiplərə, qaydalara riayət etməlidir? Allah müqəddəs kitabımız “Qurani-Kərim”də, eləcə də peyğəmbərimiz öz hədisələrində bu barədə nələri buyurub? Ümumiyyətlə, İslamda müsəlman kişiyə neçə arvad halal edilib? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, “Qurani-Kərim”də Allah möminlərə dörd xanımla evlənməyə icazə verib. Onun sözlərinə görə, Allah tərəfindən verilən bu icazə insan həyatında mühüm rol oynayan evlilik münasibətlərinin müəyyən situasiyalarda tənzimlənməsi məqsədi daşıyır: “Dörd həyat yoldaşı ilə evlənmək hər bir situasiyada, adi hallarda tədbiq olunacaq bir hökm deyil. Çünki adi hallarda belə bir hökmün tətbiqi özü ilə bir çox ciddi problemlərə gətirib çıxara bilər. Əvvəla, xanımlar qadın olmaq etibarı ilə öz həyat yoldaşlarını başqa bir xanımla bölüşmək istəmirlər. Üstəlik, ailə məsuliyyətli bir məsələdir. Ailə xüsusən ərdən böyük məsuliyyət tələb edir. Ər ailəsini təkcə maddi cəhətdən deyil, həm də emosional, hissi, mənəvi, xoşbəxtliyi baxımından da təmin etməlidir. Görürsən ki, bir necə həyat yoldaşı ilə evli olmaq bu kimi daxili, mənəvi, psixoloji təminatı qeyri-mümkün hala gətirə bilir. Amma qeyd etdiyim ki, İslam müəyyən situasiyalarda, ailə, evlilik münasibətlərini düzgün şəkildə tənzimləmək üçün birdən artıq həyat yoldaşı ilə evlənməyə icazə vermişdir. Məsələn, mümkündür ki, qadının uşağı olmur, yəni qadın uşaq dünyaya gətirə bilmir. Kişi isə tam haqlı olaraq uşaq sahibi, ata olmaq istəyir. Bu vaxt İslam həmin qadını boşamaq əvəzinə, başqa bir qadınla evlənməyi alternativ kimi təqdim edir, birinci xanımı da bir növ xilas etmiş olur. Yaxud mümkündür ki, kişinin ailə həyatında cinsi tələbatı qadında olan müyyən problemlərin səbəbi ilə təmin olunmasın. Qadının hər hansı xəstəliyi və sair halları nəzərdə tuturam. Belə olduqda İslam dini düzgün cinsi həyatının tənzimlənməsi üçün ona ikinci, üçüncü həyat yoldaşı ilə ailə qurmağa icazə verir. Əlbəttə ki, digər səbəbləri də sadalaya bilərik”. İlahiyyatçı-alim bildirib ki, İslam xanımlarda olan üzrlü səbəblər, yəni xəstəliklər, uşaq dünyaya gətirə bilməmək kimi hallara görə, onları boşamamağa çağırır: “İstər-istəməz bir yastığa baş qoymusunuz, aranızda xoş münasibətlər yaranıb, vəfa borcunuz var. Eyni zamnada İslam başa düşür ki, kişinin övlad sahibi olmaq, cinsi həyatının bütövlükdə təmin olunması haqqı var. Ona görə alternativ irəli sürür və beləliklə qadını da xilas edir. Lakin əvvəldə də qeyd etdiyim kimi, İslam dini ikinci, üçüncü, dördüncü həyat yoldaşı ilə evlənmək icazəsini verərkən əlbəttə müəyyən qaydalar qoymuşdur. Hər şeydən əvvəl ər xanımları arasında ədalətli olmalıdır. Ər xanımlarının maddi cəhətdən təminatını həyata keçirməlidir. Üstəlik, ər xanımlarının mənəvi, emosional ehtiyaclarını bərabər şəkildə ödəməlidir. Elə etməlidir ki, ikinci evlilik özü ilə birlikdə birinci evliliyə təhlükə gətirməsin. Əgər mən ikinci xanımla evləndiyim zaman bu mənim birincin xanımla olan münasibətlərimə təsir göstərirsə, ailənin dağılmasına gətirib çıxarırsa, əlbəttə ki, İslam buna icazə vermir. Bu baxımdan əgər ər xanımlar arasında ədalətli davranacaqsa, onların maddi təminatını həyata keçirəcəksə, qadınlardan olan uşaqlarına bərabər səviyyədə ata ola biləcəksə, onlar arasında ayrı-seçkiliyə yol verməyəcəksə, İslam bunu qadağan etmir”. E.Məmmədov qeyd edib ki, bəzən İslamın çoxevlilik təklifinə qorxulu bir yanaşma kimi baxırlar: “Xeyr, bu qorxulu bir şey deyil. Əvvəla, söhbət nikahdan gedir. Yəni, İslam qadınla kişinin münasibətlərini nikahla tənzimləyir. Düşünürəm ki, İslam nikahın əhəmiyyətindən çıxış edir. Üstəlik elə situasiyalar var ki, orada ikinci evlilik ailəni xilas edə bilir. Azərbaycan qanunvericiliyinə görə, kişi gərək qadını boşasın ki, digərini ala bilsin. Amma İslam qaydalarına görə, kişi birinci həyat yoldaşını nikahında saxlamaqla, ikincisi ilə evlənə bilər. Onu da qeyd edim ki, bəzən kişilər tərəfindən İslamın çoxevlilik icazəsindən sui-istifadə olunur. Görürsən ki, ikinci, üçüncü həyat yoldaşı alan kişilər daha çox birinci həyat yoldaşları ilə bundan sonra problem yaşamağa başlayırlar. Bu da ailənin dağılmasına gətirib çıxarır. Əlbəttə ki, İslam buna icazə vermir. Çünki İslamın, şəriətin əsas məqsədi ailəni qorumaqdır. Şəriət elə qaydalar gətirir ki, ailə qorunsun, bütövlüyü mühafizə olunsun. Odur ki, əgər Azərbaycanda da müəyyən situasiyalarda kişilərə ikinci, üçüncü həyat yoldaşı ilə evlənmək icazəsi veriləcəksə, mütləq orada ciddi istisna hallar müəyyənləşdirilməlidir. Elə etmək lazımdır ki, zəruri hallarda müraciət etməli olduğumuz çoxevlilik alternativi bizim tərəfimizdən sui-istifadəyə məruz qalmasın”. Nailə QASIMOVA

Bizə qoşulun