Fransanın tanınmış aktrisası və müğənnisi Rəşida Brakni Bastiliyanın alınması günü münasibətilə ona təqdim edilən Fəxri Legion ordeninin kavaleri adından imtina edib.
Medianews.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Fələstinyönlü mövqeyi və Fransanın daxili siyasətini tənqid etməsi ilə tanınan aktrisa qərarını sosial şəbəkə hesabında açıqlayıb.
"Şərəf mənim hər gün işimdə, yaradıcılığımda və məni istiqamətləndirən qərarlarda təvazökarlıqla yerinə yetirməyə çalışdığım mənəvi borcdur. Əks halda özümü itirərdim", deyə Parisdə Əlcəzair əsilli ailən in övladı olaraq dünyaya gəlmiş 49 yaşlı aktrisa bildirib.
Fransa Respublikası qarşısında xüsusi hərbi və ya mülki xidmətlərə görə təqdim olunan Fəxri Legion ordenindən imtina halları ölkədə nadir sayılmır. Daha əvvəl yazıçı Jan-Pol Sartr, şair və bəstəkar Jorj Brassens, həmçinin komiks rəssamı Jak Tardi də bu mükafatdan imtina ediblər.
Bu il Fəxri Legion ordeninə layiq görülən 619 nəfər arasında yazıçı Filip Besson, rejissor Rebekka Zlotovski və aktrisa Natali Portman da yer alıb.
Qeyd edək ki, Rəşida Brakni 15 fevral 1977-ci ildə Fransanın Paris şəhərində anadan olub. 2001-ci ildə Fransanın nüfuzlu teatr qurumu olan Comedie-Française-ə qəbul olunub və Viktor Hüqonun "Ruy Blas" tamaşasındakı roluna görə Molière teatr mükafatına layiq görülüb.
2002-ci ildə "Chaos" filmindəki performansına görə Fransanın ən nüfuzlu kino mükafatlarından olan Sezar mükafatını "Ən perspektivli aktrisa" nominasiyasında qazanıb. Sonrakı illərdə "Barakat!", "Neuilly sa mere!", "La Ligne droite", "Let Them Come" və "Lonely Planet" kimi film və seriallarda rol alıb.
Aktrisalıqla yanaşı, rejissorluq və prodüserlik fəaliyyəti ilə də məşğuldur. 2010-cu ildə həyat yoldaşı Erik Kantonanın oynadığı "Face au paradis" tamaşasına rejissorluq edib.
Rəşida Brakni aktyor və sabiq fransalı futbolçu Erik Kantona ilə evlidir və cütlüyün iki övladı var./Qaynarinfo.az