Medianews.az
Qərbi Zəngəzur Azərbaycana QAYTARILIR? - <span style=color:red>SÜLH ŞƏRTLƏRİ + FOTO
279 baxış

Qərbi Zəngəzur Azərbaycana QAYTARILIR? - SÜLH ŞƏRTLƏRİ + FOTO

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub. O, bu barədə özünün "Telegram" kanalında yazıb. Erməni hökumət başçısı regionda uzunmüddətli sabitlik və sülhün qurulması üçün 10 addımdan ibarət siyahı təqdim edib. Bunlar qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina, sərhədlərin delimitasiyası prosesini davam etdirmək, artıq 90% hazır olan sülh müqaviləsinin imzalanması, atəşkəs rejiminin pozulmasının birgə araşdırılması mexanizminin tətbiqi, itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün əməkdaşlıq etmək, qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina etmək, sülh müqaviləsinin bəndlərinin tam və səmərəli yerinə yetirilməsi istiqamətində işləmək, silahlanma üzərində nəzarət mexanizmini yaratmaq, sülh təsdiqləndikdən sonra birgə peşəkar ekspert komissiyası yaradaraq hər iki ölkədən yurdlarını tərk etmiş şəxslərlə bağlı məsələləri müzakirə etmək, ATƏT-in Minsk qrupunu buraxmaqdır. İrəvanın bu şərtləri həqiqətən sülhə xidmət edirmi? Azərbaycanın da tələbləri Ermənistan tərəfindən tamamilə nəzərə alınıbmı? Qarşılıqlı şərtləri nəzərə alsaq, yaxın perspektivdə sülh sazişinin imzalanması mümkündürmü? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, erməni hökumət başçısının şərtləri Ermənistan mediasında geniş şəkildə tirajlanır və onunla hər kəsin tanış olmaq imkanı var. Onun sözlərinə görə, bu şərtlər hələ mediada dərc olunmazdan öncə N.Paşinyanın “Armenpres”ə müsahibəsində dolayısı ilə dilə gətirilib: “Təbii ki, bu şərtlər durub-durduğu yerdə ortaya çıxmayıb. Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev milli televiziya kanallarına verdiyi müsahibədə geniş məsələlərə toxunmuşdu. Ermənistan tərəfi də buna bir növ cavab verməli idi. Paşinyanın sözügedən açıqlamaları əslində elə bu cavab anlamına gəlir. Yəni Azərbaycanın mövqeyini diqqətlə öyrəniblər, nəzərə alıblar və qarşılıqlı şəkildə öz mövqeylərini növbəti dəfə ifadə etmə zərurəti duyublar. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan burda elə şərtlər irəli sürür ki, Azərbaycan o şərtlərin bəzilərini ümumiyyətlə yaxın buraxa bilməz. Niyə buraxa bilməz? Ona görə ki, bunun üçün əsaslarımız var. Hər şeydən əvvəl beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan əl çəkmək şərti. Azərbaycan haqlı olduğu halda nədən və niyə əl çəkməlidir? Ermənistanın isə Azərbaycana qarşı əsassız iddialardan əl çəkməsi mümkündür. Ermənistan beynəlxalq məhkəmələrdə həqiqətən də Azərbaycana qarşı əsassız iddialar irəli sürüb və onun ardınca gedir. Əlbəttə ki, bundan əl çəkməlidir və burada problem yoxdur. Amma Azərbaycanın iddiaları əsaslıdır”. Siyasi şərhçi vurğulayıb ki, torpaqlarımız otuz ilə yaxın müddətdə işğal altında qalıb, alt-üst edilib, talanıb, yurdlarımız darmadağın edilib və Azərbaycan bundan maddi-mənəvi zərər çəkib: “Ölkəmizə vurulan zərər işğalçı Ermənistan tərəfindən ödənilməlidir. Biz bundan imtinamı etməliyik? Hansı məntiqlə və niyə, nəyin qarşılığında? Ermənistan bizə nə təklif edəcək ki, biz o iddiadan əl çəkək. Əgər Ermənistan istəyirsə ki, doğrudan da biz o cür iddialarımızdan əl çəkək, yəni beynəlxalq məhkəmələrdə bu müzakirələrdən imtina edək, o zaman bunun qarşılığında nə isə təklif etməlidir. Məsələn, Azərbaycana vurduğu 150 milyard dolları aşan maddi zərərə görə təzminat kimi 150 milyardı versin. Onu verə bilməyəcək, biz bunu bilirik. Çünki Ermənistanın o boyda maliyyəsi yoxdur və yaxın perspektivdə də olacağı gözlənilmir. Əvvəzində nə verə bilər? İndiki mərhələdə Qərbi Zəngəzuru Azərbaycana güzəştə gedə bilər. Azərbaycanın böyük ərazisi ilə Naxçıvanı birləşdirəcək bir topaq zolağından söhbət gedir. Təkcə Zəngəzur dəhlizindən danışmırıq”. Siyasi şərhçi A.Həsrət hesab edir ki, əgər Ermənistan Qərbi Zəngəzuru Azərbaycana güzəştə gedərsə, Bakı İrəvana qarşı beynəlxalq məhkəmələrdə iddialardan əl çəkmək variantını özünə yaxın buraxa bilər: “Əks təqdirdə sən də çəkil, mən də çəkilim, belə olmaz. Sən nəyi itirmisən ki? Hansı iddian var ki, ondan çəkilirsən, qarşılığında da Azərbaycan çəkilməlidir?. Biz Ermənistan torpağını işğal etməmişik. Onlara mənəvi, maddi ziyan vurmamışıq. Nə ediblərsə onlar bizə ediblər. Ona görə də bizim iddialarımızdan geri çəkilməyimiz mümkün deyil. Qeyd etdiyim kimi, Qərbi Zəngəzuru güzəştə gedərlərsə, bəli o iddialardan geri çəkilmək müzakirə edilə bilər. Buyursunlar təklif etsinlər. Azərbaycan dövləti də o təklifə uyğun növbəti addımı atsın. Bütün bunlar baş vermədiyi halda, İrəvanın qeyri-obyektiv şərtlər irəli sürdüyü fonda Ermənistan hakimiyyəti, eləcə də Nikol Paşinyan 2025-ci ildə sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf kimi görünmür. Əgər sülhdə maraqlı olsaydılar bu cür dalana dirənəcək təkliflərlə çıxış etməzdilər”. Nailə QASIMOVA

Bizə qoşulun