“Media savadlılığı artıq günün tələbinə çevrilib. Əvvəlki illərdə olan vəziyyətlə müqayisədə media indi hamı üçün əlçatan və istifadəyə yararlıdır. Yəni, hər kəs istədiyi an medianın imkanlarından istifadə edə bilir. Təbiidir ki, media peşəkarları bu məsələdə üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. Ona görə də məsuliyyətlə bağlı problem olmur. Amma geniş kütlələr, xüsusən də media ilə birbaşa bağlı olmayan adamların bu sahədən istifadəsi müəyyən problemlərlə müşayiət olunur”.
Bu barədə Medianews.az-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrət bildirib.
O qeyd edib ki, dünyanın hər tərəfində məqsədli dezinformasiya hərəkatları, həmçinin yanlış, yəni bilməyərəkdən səhv informasiyaların yayılması halları müşahidə edilir.

Əməkdar jurnalistin sözlərinə görə, bütün bunların fonunda insanların media savadlılığının yüksəldilməsi vacibdir: “Yanlış informasiyalar, xüsusən də dezinformasiyalar ildırım sürəti ilə geniş tirajlanır. Həddən artıq çox insanlara xitab edə bilir. Bu tirajlanma gətirib ona çıxarır ki, insanlar yanlış informasiyanın, yaxud da məqsədli sui-istifadənin qurbanı olurlar. Bu da cəmiyyətlərin kataklizmlərə sürüklənməsinə səbəb olur. Xatırlatmaq istəyirəm ki, 2019-cu ilin dekabr ayı "Ərəb baharı"nın başlanğıc tarixidir. Tunisdə sadəcə küçədə bir göy-göyərti satanın döyülməsi ilə böyük bir inqilab dalğası başladı. Əslində isə orada baş verən hadisələr o qədər də dəhşətli deyildi, yəni sıradan bir hadisə sayıla bilərdi. O hadisəni təbii ki, dövlət araşdırıb, günahkarı cəzalandıracaqdı. Amma mediadan elə sui-istifadə edildi ki, bir anda az qala bütün ərəb dünyası ayaqlandıdı. Nəticə nə oldu? Tunisdə, Misirdə hakimiyyət dəyişikliyi, ardından Liviyada Muammar Qəddafinin öldürülməsi, ölkənin hələ də qeyri-sabitlik zolağından çıxa bilməməsi və sair baş verdi. Onun ardınca hazırda dünyanın diqqət kəsildiyi Suriyada müəyyən proseslər yaşandı. Bütün bunlar yanlış informasiyanın, yaxud da dezinformasiyanın məqsədli şəkildə tirajlanması nəticəsində baş verib”.

A.Həsrət illər öncə qardaş Türkiyədə baş verən "Gəzi park" hadisələrinə də diqqət çəkib. Deyib ki, sözügedən olayın yanlış təqdim edilməsi və bu təqdimatın getdikcə daha da körükləndirilməsi fonunda heç də xoş olmayan hadisələr yaşanıb: “Mənim bugünkü kimi xatirimdədir, hətta bir nəfər polis əməkdaşı damdan düşüb ölmüşdü. Həqiqətən də onun görüntüsü sonra üzə çıxdı və bəlli oldu ki, orada heç kim heç nə etməyib. Türkiyənin Aralıq dənizi sahilindəki yaşayış məntəqələrindən birində adamın özü damdan düşüb və ölüb. Amma dezinformasiya yazanlar hadisəni belə təqdim etmişdilər ki, vətəndaşlar polisi damdan ataraq öldürüblər. Həmin o yanlış, məqsədli şəkildə yalan informasiya olduqca sürətlə tirajlandı. Bir necə dəqiqəyə iki milyona qədər tirajlanması qeydə alınmışdı. Təbii ki, Türkiyə ictimaiyyəti də bundan çox qəzəblənmiş, ayağa qalxmışdı, insanlar kükrəyirdi. Dövlət dərhal hərəkətə keçdi. Dərhal gerçəyi araşdırdı və o videonu təqdim etdi ki, adam özü damdan düşüb ölüb, onu heç kəs atmayıb. Media savadlılığı burada işə yarayır".

Əməkdar jurnalist vurğulayıb ki, media savadlılığı yüksək olan cəmiyyətdə insanlar mediada yayılan xəbərlərə, görüntülərə, ümumiyyətlə hər şeyə daha diqqətli, məsuliyyəti yanaşırlar: "Media savadlılığı olan insanları aldatmaq, alətə çevirmək mümkün olmur. Ona görə Azərbaycanda bu kampaniya başladılıb. Mən düşünürəm ki, jurnalistikaya az-çox dəxli olan hər kəs bu işə töhfə verməyə çalışmalıdır. Nəticə etibarıilə bu kampaniyanı genişləndirib insanlarımızın media savadlılığını yüksəldə bilərik. O da Azərbaycanda sabitliyin daha dayanaqlı və davamlı olmasına gətirin çıxardar”.
Nailə QASIMOVA