Medianews.az
Erməni baş naziri Vatikana GƏTİRƏN SƏBƏB: <span style=color:red>Paşinyan Fransisk görüşünün PƏRDƏARXASI
163 baxış

Erməni baş naziri Vatikana GƏTİRƏN SƏBƏB: Paşinyan Fransisk görüşünün PƏRDƏARXASI

İmicini dəyişən Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığından sonra bir sıra nazirləri vəzifəsindən azad edərək Vatikana yollanıb. Burada Vatikan hökmdarı, Roma Papası Fransisklə görüşüb. Maraqlıdır, erməni baş nazirin bu addımları nədən xəbər verir, o, yeni dönəmdə nəyə hazırlaşır? Paşinyan Vatikana Erməni Apostol Kilsəsinin yenidən qurulması üçün xeyir-dua almağa getmişdimi? Bundan sonra bütün ermənilərin katolikosu II Qareginin, “Vətən naminə Tavuş” etiraz hərəkatının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın aqibəti necə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanda son günlər N.Paşinyan tərəfindən gözlənilməz addımlar atılıb. Onun sözlərinə görə, ermənilərin şüuraltı olaraq anti-dövlət düşüncəli olduğunu söyləyən baş nazirin ard-arda məmurları işdən qovması Ermənistan cəmiyyətində də birmənalı qarşılanmayıb: “Paşinyan mövzuya mediadan fərqli tərzdə, nümayişkaranə yanaşır. Bunun özü isə düşünmək üçün əsaslar yaradır. Bir çox hallarda mediada nazirlərin, bir sıra məmurların, 10 region rəhbərinin istefa verdiyi bildirilir. Lakin Paşinyanın özünün də vurğuladığı kimi, onları istefaya məhz Paşinyan göndərib. Bu isə indiki mərhələdə bir çox suallara yol açır. Nəzərə almaq lazımdır ki, Paşinyan öz komanda üzvlərindən çox qəribə tərzdə imtina edib. Bəzilərindən istefa vermək tələb olunub, amma bəziləri isə heç özlərinin xəbəri olmadığı halda, hətta “Whatsapp” üzərindən işdən azad olunmaları haqqında xəbərdarlıq alıb. Bu da onlarda bir çaşqınlıq yaradıb. Bir neçə gün bundan öncə Paşinyan bildirmişdi ki, Ermənistan cəmiyyəti şüuraltı olaraq anti-dövlət düşüncəlidir. Paşinyan bunu özünəməxsus tərzdə əsaslandırırdı ki, ermənilərin hər zaman koloniyaların, yəni digər dövlətlərin tərkibində yaşaması onlarda dövlətçilik hisslərinin formalaşmasına imkan verməyib. Ona görə də ermənilər psixoloji olaraq dövlətə sahib ola bilmirlər. Özləri yaratdıqları dövlətdən özləri imtina edə bilirlər. Erməni cəmiyyətində belə bir psixologiyanın qalmasında Paşinyan həm də öz komanda üzvlərini ittiham edə bilər. Paşinyanın belə bir fikirlə çıxış etməsi və onun ardınca məmurların istefaya göndərilməsi haradasa əlaqəli də ola bilər. Amma düşünürəm ki, bu, əsas səbəb olmaya da bilər. Sadəcə olaraq hadisələrin ardıcılığı belə bir düşüncəyə əsas yarada bilər. Paşinyanın birdən-birə erməni psixologiyasından danışması və ermənilərin rahatlıqla öz qurduqları dövlətdən imtina edə biləcəklərinə dair fikirlər səsləndirməsinə gəlincə, bu, müəyyən məqamlarla bağlı ola bilər”. E.Mirbəşiroğlu vurğulayıb ki, yeni bir mərhələdə N.Paşinyan ciddi Ermənistan dövləti qurmaq istəyini ortaya qoya bilər: “Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra ümumi şəkildə Cənubi Qafqazda, ayrıca olaraq da Ermənistanın özü üçün yeni geosiyasi reallıq formalaşıb. Paşinyan yeni reallıqlar çərçivəsində Ermənistan dövlətinin konturlarını cəmiyyətə təqdim etməyə çalışır, öz sərhədləri çərçivəsində qurulan dövləti qoruyub saxlamağın vacibliyi bildirir. Çünki Azərbaycan Ermənistanı kapitulyasiya sənədinə imza atmağa məcbur edib. Bu gün Ermənistanın Azərbaycana qarşı revanş və yaxud da ki, manevrlər ertmək imkanları mövcud deyil. Ermənistan cəmiyyətində də Paşinyana qarşı müəyyən bir reaksiyalar mövcuddur. Belə olan halda Paşinyan hazırkı Ermənistanın qorunub, saxlanılmasının vacibliyi mesajını sanki cəmiyyətə ötürməyə çalışır. Hesab edirəm ki, bu, Paşinyanın düşüncə tərzi olmaya da bilər. Ona belə bir fikir aşılana bilər. Bu, Paşinyanın hakimiyyətinin qorunub saxlanmasına hesablanan bir gediş kimi də nəzərdən keçirirlə bilər. Digər tərəfdən, Paşinyan öz komanda üzvlərini kütləvi şəkildə istefaya göndərməsi ABŞ-də administrasiya dəyişikliyi ilə də əlaqəli ola bilər. Çünki Paşinyanın komandasının formalaşmasında əsasən demokratlar rol oynamışdı. Demokratların ABŞ-də hakimiyyətdə olduğu dövrdə komanda üzvləri ilə bərabər, Paşinyan Vaşinqton ilə təmaslarını rahat şəkildə qura bilirdi. Ola bilsin ki, Donald Trampın qələbəsindən və Paşinyanın onu təbrikindən sonra erməni baş nazir Respublikaçılarla rahat işləyə biləcək bir komanda formalaşdırmağı düşünür. Bu ABŞ-dən gələn təlimat da ola bilər. Düşünürəm ki, məsələyə əsasən bu cür yanaşmaq olar. Həmçinin Paşinyan ilk dəfə olaraq Vatikana səfər edib. Orada Roma papası Fransisklə görüş keçirib. Paşinyan Roma papasının hər zaman Ermənistana dəstək göstərdiyini dilə gətirib. Həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı papaya məlumat verib, regionda münasibətlərin tənzimlənməsi ətrafında fikir bildirib. Maraqlı olan budur ki, Paşinyan son dövrlər Ermənistanda qəbul etdiyi sərt qərarlar fonunda Romaya səfər edir və Fransisklə görüş keçirir”. E.Mirbəşiroğlu qeyd edib ki, hazırda Ermənistan daxilində N.Paşinyana ən ciddi müxalifət məhz Baqrat Qalstanyandır: “Ola bilsin ki, keşiş Qalstanyanın, eyni zamanda II Qareginin Paşinyana qarşı aşkar müxalifətə keçməsi baş naziri Roma papasının simasında özünə dəstək qazanmağa vadar edib. Bütün hallarda Paşinyanın son gedişləri aydın göstərir ki, o, əsasən öz hakimiyyətini möhkəmləndirməyə, təminat altına almağa çalışır. İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistanı ağır məğlubiyyətə uğratdıqdan dərhal sonra Paşinyan növbədənkənar seçkilər elan etdi və bir növ hakimiyyətini sığortalamış oldu. İndiki mərhələdə Paşinyan regiondakı reallıqdan çıxış etmək məvburiyyətində qalıb. Birincisi, Azərbaycanın ədalətli şərtləri əsasında sülh müqaviləsinin bağlanılması qaçınılmaz olacaq. Paşinyan aydın dərk edir ki, zamanı uzatmaqla yalnız özünü, hakimiyyətini, dövlətini təhlükə qarşısında qoyur. Çünki Azərbaycanın real gücünü Paşinyan çox yaxşı dərk edir. Bu gün Ermənistan üçün ən optimal yol ondan ibarətdir ki, Azərbaycanın irəli sürmüş olduğu haqlı şərtlər əsasında sülh müqaviləsi imzalansın, regionda kommunikasiyalar açılsın. Belə gerçəklik fonunda Paşinyan həm ABŞ, həm də Vatikan ilə konstruktiv əməkdaşlıq qurmağa çalışa bilər. Bunu bir yol kimi görə bilər. Eyni zamnada Paşinyan çox gözəl dərk edir ki, yeni reallıqlar fonunda onun hakimiyyəti üçün təhlükə mövcuddur. Bu baxımdan Ermənistan cəmiyyətini yeni dönəmə hazırlamağa çalışır. Onun erməni psixologiyasını anti-dövlət kimi səciyyələndirməsi, elə özünə bəraət missiyasının yerinə yetirilməsinə hesablana bilər. Bu baxımdan Ermənistanada baş verənlərin ümumi mənzərəsini tamamlamış olsaq, düşünürəm ki, Paşinyan öz hakimiyyətinin də yeni mərhələsini formalaşdırmağa çalışır. Bunun üçün Vatikandan dəstək almaq istəyir. Çünki Ermənistanda din xadimləri ona qarşı çıxmaqdadırlar və cəmiyyət də bu və ya digər dərəcədə o din xadimlərinin arxasınca getməkdədir. Digər tərəfdən, hazırda Ermənistanın üzərində ən ciddi təsirə sahib olan ABŞ-nin yeni administrasiyası ilə də isti münasibətlər sistemi qurmağa çalışa bilər”. Nailə QASIMOVA

Bizə qoşulun