Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Göksun rayonundakı Kuşkayası dağından tüstü qalxmağa başlayıb.
Medianews.az bildirir ki, bölgədə böyük çaxnaşma yaradan görüntülərlə bağlı Prof. Dr. Naci Görür, “Vulkan olma ehtimalı yoxdur. Orada vulkan yoxdur və vulkan o şəkildə əmələ gəlmir. O bölgədə ard-arda iki böyük zəlzələ yaşanıb. Əgər nəsə olsa, bu böyük ehtimalla sürüşmə olardı. Sürüşmə zamanı yüksələn toz buluduna tüstü deyirlər”.
Kahramanmaraşda baş verən 7.7 və 7.6 bal gücündə zəlzələlərdən sonra bölgədən gələn görüntü panikaya səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda vətəndaşlar zəlzələdən sonra Kahramanmaraşın Göksun rayonunun Büyükkızılcık kəndindəki Kuşkayası dağında tüstülənməyə başladığını, daha sonra qara rəngli mayeyə bənzər maddənin axdığını bildirib.
Prof. Dr. Naci Görür narahatlığa əsas olmadığını bildirib. Vəziyyətin sürüşmə olduğunu ifadə edən Görür, mövzu ilə bağlı açıqlamasında “Rayon camaatının əsəbləşməyinə ehtiyac yoxdur. Bunun heç bir təhlükə yaratdığını düşünmürəm” deyib.
Göksun rayonunun Büyükkızılcık kəndində yerləşən Kuşkayası dağında baş verən zəlzələdən sonra yanğının başladığı iddia edilib. Alov dağdan qalxarkən görüntüləri sosial şəbəkədə paylaşan vətəndaş bölgə xalqının qorxduğunu ifadə edərək, “Böyük Kızılcık kəndində yerləşən Kuşkayası dediyimiz bu dağ vulkan kimi yanır. Bunu ekspertlərə və səlahiyyətlilərə çatdıra bilərsinizmi? Xalq qorxur və bunun nə olduğunu bilmir. Hal-hazırda nəhəng dağ yanır. Əvvəllər belə şey olmurdu. Aşağıdakı qara torpaqdan çıxan neft kimi, burada istər lava, istərsə də neft kimi çox fərqli şeylər baş verir” deyib.