Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobil gündəm olub.
Medianews.az xəbər verir ki, avtomobilin sahibi Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar apardığı üçün böyük marağa səbəb olub.
Əldə etdiyimiz məlumata görə həmin şəxs Sərvər Bəşirlidir. O, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb.
Medianews.az-a danışan Sərvər Bəşirli məsələyə münasibət bildirib.
Sərvər, qaçqın balasıdır və qaçqınlığın, evsiz-eşiksiz yaşamağın nə demək olduğunu çox gözəl bilir. Deyir, bir gecənin içində küçədə, yurduz-yuvasız qalmaq acısını illər öncə bütün ruhu ilə yaşayıb. Odur ki, zəlzələ baş verən gündən gecələr də gözünə yuxu getmir.
O, bu yardımı özünə borc bildiyini və Türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb: “Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıb. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”.
Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.
Məlumat üçün bildirək ki, “Haberglobal” məlum foto ilə bağlı “Bizi ağlatdı…” başlıqlı süjet hazırlayıb.
Süjetdə qeyd olunub ki, zəlzələdən sonra Türkiyənin köməyinə ilk çatan Azərbaycan dövləti, xalqı olub:
“Bu fotoya baxıb duyğulanmamaq mümkün deyil… Yaşlı qadın dualar edərək, nə qədər yorğan-döşəyi varsa verdi, “türkiyəli qardaşlarımız üşüməsin, onlar da bizimdir”, deyir. Daha sonra fotodakı şəxs bu avtomobili ilə yorğanları yardıma aparır. Bu foto bu gün bütün Türkiyəni ağlatdı…”
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.