“Təxribat törətmək istəyən şəxslərin qarşısını Fransanın, Böyük Britaniyanın hüquq-mühafizə orqanları almalıdır”
Bu sözləri Oxu.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O, qeyd edib ki, səfirliklərimizin qorunması missiyasını qarşı tərəfin hüquq-mühafizə və xüsusi xidmət orqanları həyata keçirməlidir:
“Təxribat törətmək istəyən şəxslərin qarşısını Fransanın, Böyük Britaniyanın hüquq-mühafizə orqanları almalıdır. Cavabdehliyi onlar daşıyırlar. Çünki ilk növbədə bu məlumatları alanlar həmin dövlətlərin orqanlarıdır. Ancaq çox təəssüf ki, onlar öz funksiyalarını həyata keçirə bilmirlər və ya keçirmək istəmirlər.
Məsələn, ABŞ-ın İraq və Əfqanıstan kimi ölkələrdəki səfirliklərinə özünün nəzarət etməsi istisna hallar idi. Bu ondan qaynaqlanırdı ki, həmin yerlər müharibə gedən ərazilərdir. Yəni o dövlətlərə etibar edilmədiyi üçün ABŞ hərbi kontingentini də səfirlik ərazisində yerləşdirmişdi. Fransa, İngiltərə kimi ölkələrdə belə bir addıma ehtiyac yoxdur.
Bu gün səfirliklərimizdə fəaliyyət göstərən Azərbaycan mühafizə orqanlarının kifayət qədər gücü var, sadəcə, əsas məsələ xaricdən olan təxribatın qarşısını almaq üçün həmin dövlətlərin yerli xüsusi xidmət orqanlarının çalışmasıdır”.