Dünən Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən aksiya təşkil olunub. Aksiya zamanı səfirliyin binasına qarşı vandallıq aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinə yaxınlaşaraq binaya zərər verməyə çalışıblar. Dünəndən etibarən bu hadisə Azərbaycanda ciddi narazılığa səbəb olub.
Mövzu ilə bağlı Fransada yaşayan, əslən şuşalı olan musiqiçimiz Təranə Monbarbüt Medianews.az-a danışıb.
O, Azərbaycanın əldə etdiyi II Qarabağ döyüşlərindən sonra Fransadakı ermənilərin keçirdiyi aksiyalardan və orada yaşayan azərbaycanlıların üzləşdiyi mənzərədən bəhs edib: “Fransadakı erməni diaspora nümayəndələri özləri etdiyi hər bir hərəkəti bizim adımıza yazırlar. Misal üçün, aqressiyanı onlar göstərdikləri, işğalçı siyasəti yürütdükləri halda bizi aşırı aqressivlikdə və işğalçılıqda günahlandırırlar. Hazırda Fransanın cənubunda – Béziers şəhərində yaşayıram. Mənim olduğum şəhərdə bir sıra başqa şəhərlərə baxanda türklər daha çoxdur. Fransa mediası isə hər iki tərəfin bir- birini günahlandırdığını iddia edir. Ancaq danılmaz faktdır ki, bizim qələbəmizdən sonra Azərbaycanı daha da tanımağa başladılar və ölkə bütövlüyünü bərpa etməyimizi anlayıblar. Ukraynada başlayan müharibədən sonra bizi bununla müqayisə edirlər. Artıq Fransa vətəndaşları da bir ölkənin qanuni sərhəd bütövlüyünü qorumaq borcunu anlayırlar və bizə haq verirlər”.
Təranə xanım Fransada səfirliyimizin qarşısında yaşanan hadisə ilə bağlı da danışıb.
İfaçı bildirdi ki, səfirliyimizin qarşısında aksiya keçirmək və səfirliyin binasına zərər yetirmək ermənilərin aqressiyasını bir daha dünyaya bəyan edir: “Fransada bir məsələ olan kimi aksiya, manifestasiya etmək asandır. Fransız polislər adətən təhlükəli, çoxsaylı aksiyalara daha çox fikir verirlər. Hazırda sakitlikdir, erməni diasporunun üzvləri hərzamankı kimi provokasiyalarını davam etdirirlər”.
Medianews.az