12-13 sentyabr da başlayan erməni təxribatları tək Azərbaycanın sərhədlərində deyil, bir çox xarici ölkələrdə və orada yerləşən səfirliklərimizdə, diasporalarımızda da özbaşınalıqla nəticələnib. Lakin Fransada eləcə də digər xarici ölkələrdəki səfirliklərimizin önündə yaşanan hərc-mərcliklərin, təxribatların qarşısını almağa çalışan heç bir dövlət nümayəndələri, polislər gözə dəyməyib.
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında millət vəkili Razi Nurullayev danışıb. O, qeyd edib ki, Azərbaycan insan hüquqları, dünya birliyini təmsil edən ölkələr arasında tək və dəstəksizdir:
“Bizim demokratiya beşiyi saydığımız, insan hüquqlarının müdafiəsini daha yaxşı təşkil edən ölkələr bildiyimiz söz və insan azadlığına, dəyərlərə hörmət edən kimi tanıdığımız beynəlxalq qurumlar susurlar. Bu gün xaricdəki səfirliklərimizə qarşı çox ciddi təxribatlar törədilir. Aidiyyatı orqanlar da bunun qarşısını almır.
Dünən Fransada Azərbaycan səfirliyinə hücum edilib. Erməni daşnakları, səfirliyin qapısını sındırıblar. Fransa Səfirliyinin qarşısında polislər gözə dəymir, bəlkə də var, amma müdaxilə etmir, etmək onlara sərf etmir.
Bundan bir ay öncə Londondakı, Azərbaycan səfirliyinə dini-radikal basqınlar olmuşdu. Eyni Fransadakı kimi London səfirliyində polislər yox idi.
2 il bundan əvvəl erməni diasporasının nümayəndələri Amerikanın Los-Anceles şəhərində Azərbaycan nümayəndəliklərinə qarşı çox kobud, qanunsuz hərəkətlər etmişdilər.
Eyni qayda ilə burda da dövlət məmurları və polislər heç bir müdaxilə etmədilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycana qarşı ikili standartlar yeridirlər.
Ermənistan Azərbaycan ərazilərini 30-il işğalda saxlayanda heç bir şey demədilər, Ermənistanı işğalçı adlandırmadılar. Gözümüzün üstündə saxladığımız MİNSK qrupu da 30 il Azərbaycanın qonağı oldu. İndi isə Azərbaycan Respublikası erməni təxribatlarının qarşısını alır və bufer zona yaratmaq istəyir. Çünki bizim orada olan qaçqın və köçkünlərimizi həmin o bufer zonaya qaytarsınlar. Düşünürəm ki, bu bir çox xarici ölkə nümayəndələrinin Azərbaycana qarşı olan ən böyük haqsız və ədalətsiz mövqeydir.
Azərbaycan insan hüquqları, dünya birliyini təmsil edən ölkələr arasında tək və dəstəksizdir. Baş verənlərdən belə qənaətə gəlirəm ki, Azərbaycanın dostu özü, qardaşı Türkiyə, Pakistan və bir də müəyyən qədər Ukrayna Respublikasıdır ki, onlara güvənə bilərik. Yaşanan sonuncu hadisələr bunu göstərir ki, Azərbaycanı təkləmək istəyən bir çox dövlətlər var. Onlar erməni lobbisinin əlaltılarıdır. Ermənilərdən səs almaq istəyən siyasətçilərdir. Onlar da Azərbaycanı öz maraqlarına qurban verməyə hazırdır. Lakin biz qurban deyilik və öz mübarizəmizi həm siyasi, həm də hərbi yolla sona kimi davam etdirəcəyik.”
Ayşən Azadova
Medianews.az