Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə dünyada iqtisadi-siyasi böhran baş qaldırıb. İqtisadi əlaqələrdə yaranan problemlər ən çox Avropada hiss olunur. Orada qazın qiyməti “Qazprom”un tədarükü dayandırmaq barədə bəyanatları səbəbindən kəskin artıb. ICE birjasında mavi yanacağın spot qiyməti 1 MVt/saat üçün 315 avrodan yuxarı qalxıb ki, bu da min kubmetr üçün 3300 dollardan çoxdur. Avropada baş qaldıran problemlər dolayı yola Azərbaycan iqtisadiyyatına da təsir edir.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Medianews.az-a açıqlamasında bildirib ki, Avropadakı böhran ciddi fəsadlara yol açıb:
“Qazın qiymətinin artması Avropanın daxili bazarında ciddi problemlər yaradıb. İllər boyu avronun məzənnəsi dollardan yüksək olub, 1 Avro 2 Azərbaycan manatına bərabər olub. Artıq avronun məzənnəsi 1 dollardan aşağı düşüb. Avropa ölkələrində baş qaldıran enerji böhranı qarşıdakı qış aylarında özünü daha ciddi şəkildə göstərəcək. Böhran Avropada iqtisadiyyatın kiçilməsinə, inkişafın aşağı tempə düşməsinə, inflyasiyanın yüksəlməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi davam etdikcə iqtisadi böhran daha da dərinləşir”.
Ekspert qeyd edib ki, Avropa alternativ çıxış yolları axtarmağa başlayıb:
“Avropa alternativ yollarla böhrandan çıxmağa çalışır. Amma hələki enerji böhranı təsirlərindən konkret çıxış nöqtəsi yoxdur. Ona görə də qarşıdakı aylarda da proses davam edəcək. Böhran dərinləşdikcə dünya bazarında qiymətlər bahalaşmağa davam edəcək. Bunun qarşısını almaq üçün müxtəlif proqramlar ortalığa atılır. Xüsusilə qaz təchizatının genişləndirilməsi planlaşdırılır. Azərbaycanla yeni müqavilənin bağlanması da bu proqrama daxildir”.
İqtisadçı Avropanın yaşadığı qaz böhranının ölkəmizə təsirlərindən də bəhs edib:
“Orada baş qaldıran böhran Azərbaycana müsbət təsir edəcək. Ölkəmiz təbii qazını yüksək qiymətə satmaq imkanına malik olacaq. İxrac potensialımız nə qədər böyük olsa, bir o qədər də böyük gəlir əldə edəcəyik. Lakin böhranın Azərbaycana mənfi təsirləri də var. Bizim iqtisadiyyatımız idxaldan asılıdır. Yəni aldığımız məhsullar bahalaşdıqca yüksək məbləğ ödəmək məcburiyyətində qalacağıq. Bu halda hökumətimiz əhalinin sosial vəziyyətini qorumaq üçün addımlar atmalıdır. Enerji daşıyıcılarından əldə olunmuş gəlirlə əhalinin dəyərdən düşmüş nominal gəlirlərini kompensasiya etməklə qoruya bilər. Avropada ərzaq qiymətləri getdikcə sabitləşir, lakin Azərbaycanda bu hal baş vermir. Qiymət artımı sürətli tempdə davam edir. Mütləq şəkildə antiinflyasiya tədbirləri görülməlidir”.
Xanlar Əlibəy
Medianews.az