İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Medianews.az xəbər verir ki, qarşılıqlı danışıqların iki ölkə arasında strateji əməkdaşlığı artırdığını deyən prezident Rəisi Tehran administrasiyasının Moskva ilə yeni strateji əlaqələr qurmağa hazır olduğunu bildirib.
“Əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək ABŞ -ın iqtisadi monopoliyasına və sanksiyalarına qarşı mübarizəmizi gücləndirir. Əməkdaşlığımızı artırmaq ABŞ-ın müstəqil ölkələrə qarşı iqtisadi təzyiqinə qarşı mübarizənin ən yaxşı strateji üsuludur”,-deyə Reisi bildirib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Rəisi, müharibənin bir an əvvəl bitməsi lazım olduğunu ifadə edərək, “İran olaraq müharibənin bir an əvvəl bitməsinin tərəfdarıyıq. Biz bu məsələ ilə bağlı hər cür diplomatik həll yolu ilə kömək etməyə hazırıq”, – deyə əlavə edib.
NATO-nun bölgədə genişlənmə siyasətini izlədiyini və hər zaman tətikdə olması lazım olduğunu deyən Rəisi, “Ukraynadakı müharibə ABŞ və NATO-nun təxribatlarından qaynaqlandı” deyə bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehran administrasiyası ilə yeni strateji əməkdaşlığa hazır olduqlarını bəyan edərək, “İranla əməkdaşlığımızı bir çox sahədə, o cümlədən iqtisadiyyatda inkişaf etdirmək istəyirik” deyib.
Onu da əlavə edək ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəyərləndirən Lavrov Tehranın regional və beynəlxalq mövqe və rolunun əhəmiyyətini vurğulayaraq, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiklərini bildirib.
Leyla, Medianews.az