10 noyabr və 11 yanvar anlaşmalarını davamlı şəkildə pozan erməni tərəf qabaqdangəlmişlik edərək Azərbaycanı gülünc ittihamlarla günahlandırmağa çalışır.
Ermənistan mediası Wargonzo Telgram-kanala istinadən şou xarakterli növbəti məlumat tirajlayıb. Bildirilir ki, Azərbaycanın 4 hərbçisi Şuşa yaxınlığında, Xankəndi magistralının üzərində qoyulmuş tankın yanına gedərək orada lövhəyə azərbaycanca sözləri yazıblar və gözdən itiblər.
Ermənilər həyasızcasına iddia edirlər ki, üç ölkənin imzaladığı birgə bəyanata əsasən, Laçın dəhlizindən 2,5 km-lik məsafədə rusiyalı sülhməramlılardan başqa, heç bir hərbçi olmamalıdır.
Məlumatlı oxucular söhbətin hansı tankdan getdiyini yaxşı bilir. Bu, 1992-ci ilin 8 mayında sıfradan çıxarılmış Qaqik Avşaryanın tankıdır. Şuşaya hücum vaxtı şəhərə ilk girən erməni tankına erməni bayrağı verilib ki, qala şəhərdən assın. Ancaq Azərbaycanın qəhrəman oğlu, tank komandiri Albert Aqarunov “flaqman” rolunu oynayan Avşaryanın 442 nömrəli tankını “gedər-gəlməz”ə göndərir, həm Qaqik, həm sürücü-mexanik Aşot Avanesyan, həm də atıcı-artillerist Şahen Sarkisyan məhv edilir.
Təəssüf ki, ermənilərin başına 5 milyon dollar qoyduğu yəhudi əsilli qəhrəman qardaşımız Albert də həmin gün qəhrəmancasına şəhid olur, ancaq ermənilərə elə bir dağ çəkir ki, Şuşanı işğal etsələr də, uzun müddət ovunmurlar. Elə buna görə də Ermənistan Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın T-72 tankını bərpa edib, yaşıl rəngə boyayıb və magistral üzərində, Şuşaya tuşlanmış halda “abidə” kimi saxlayıb. Şuşaya bayraq taxacaqdı axı…
Bu gün ermənilər Azərbaycan əsgərindən məhz həmin tanka yaxın getdikləri üçün şikayətlənib şivən qoparıblar. Xankəndidən üzü yuxarı, Azərbaycanın müzəffər ordusunun bayrağımızı ucaltdığı Şuşa qalasına boylanaraq… “Cəsarət”lərinin də səbəbi təkdir: Rusiya sülhməramlılarına xitab edərək şantajı davam etdirirlər.
Belə görünür ki, ermənilər bu tezliklə ağıllanmayacaqlar və onların “müalicəsi” üçün çox çalışmaq lazım gələcək. Bunlar doğrudanmı anlamaq istəmirlər ki, dünyanın heç bir ölkəsində işğalçı ordunun texnikasının “abidə”si toxunulmaz saylılmır. Özü də söhbət kapitulyasiyaya imza atmış tərəfin iddiasından gedir. Bəli, ortada üçtərəfli 9-10 noyabr bəyannaməsi var. Amma bu, o demək deyil ki, Azərbaycan vətəndaşı ölkəsinin hüdudları çərçivəsində hərəkət edə bilməz.
Erməni işğalçılarının 1992-ci ilin 8 mayından Xankəndi yolunun üstünə qoyduqları “abidə” tankın yeri…Bakıdır. Dənizkənarı ərazidə Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların sırasında olmalıdır həmin tank. Həm də qarşısında lövhə vurulması şərtilə.
Təqribən belə: “Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən sıradan çıxarılmış düşmən tankı”. Albert Aqarunovun ruhu da sevinər, Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan abidəsinin də üzü gülər o zaman…
Qarabağdakı qondarma rejim getdikcə daha daha azğınlaşır, təbii ki, sülhməramlılara arxayın olaraq. Baş terrorçu Araik Arutyunyan dünən “prezident” kimi onlarla “qanun”u “təsdiqləyib” və erməni mediası bu sərsəmin kağız-kuğuzu tirajlayıb. Daha sonra Arutyunyan digər terrorçunu, Vitali Balasanyanı da götürüb Xocalı rayonunun Naxçıvanlı (Naxçivanik) kəndinə gedib, “ağac əkməyə”. 30 ildir Qarabağı darmadağın edənlər, Zəngilanın tarixi çinar meşəsində “ağac qətliamı” törədənlər, Kəlbəcərdən, Laçından rədd olub gedərkən yolboyu meşəlikləri qıranlar, yandıranlar indi “yaşıllıq salır”, guya…
Xatırlatmaqda fayda var: Naxçıvanlı kəndi 1992-ci ildən 2020-ci ilin 10 noyabrınadək Ermənistanın işğalçı ordusunun nəzarətində olub. Ancaq imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın bu kəndi Rusiya sülhməramlıların təsir zonasına keçib. Belə çıxır sülhməramlılar yalnız Kəlbəcərdəki, Xocavənddəki alban kilsələrinə ermənilərin “ibadəti”ni təşkil etməklə işini bitmiş saymır, həm də terrorçu Arutyunyanı müşayiət edir, “bağ salarkən”.
Bu, həmin Arutyunyandır ki, “Gəncənin vurulmasını mən əmr etdim”, demişdi dinc soydaşlarımız raketlə qətlə yetirilən günlərdə. Körpə qatili ağac əkir…Ona ağac əkdirmək olar, barəsində məhkəmə qərarı veriləndən sonra, Qobustan qapalı təcridxanasının ətrafındakı boş çöllərdə…Arutyunyan kimilərin basdırdığı minalar hələ də can almaqdadır, ancaq himayə olunanlar mina xəritəsini belə vermir Azərbaycana. Hətta bu gün Ermənistan XİN həyasızcasına, abırsızcasına xəritə qarşılığında Azərbaycandan “əsirlər”i istəyib. Qudururlar getdikcə…
Erməni həyasızlığı bununla da bitmir. Qafan meri Gevork Parsyan yenə sarsaqlayıb. Deyib ki, azərbaycanlıları Qafan-İrəvan yolu ilə hərəkət edən erməni maşınlarına “daş atıblar”. Bunlar nə toplumdur belə? O istiqamətdə sərhədin dəqiqləşdirilməsi nəticəsində Şurnuxu kəndinin böyük bir hissəsi, həmçinin Qafan magistralı nəzarətimizə keçib, fitnə-fəsada əl atırlar ki, rus sərhədçilər işə qarışsın, itirdiklərini qaytarsınlar.
Lüləsi Şuşaya tuşlanmış o tank faşist Nijdenin abidəsi qədər təhlükəlidir. Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyə bilər. Hansı abidə harda qoyulmalıdır, bunu bizim dövlətimiz müəyyən edir…