Avqustun 10-da Türkiyəyə qarşı təslimçi Sevr müqaviləsinin imzalanmasının 100 ili tamam oldu. Tarixdən bəllidir ki, həmin müqavilə 3 il sonra – 24 iyul 1923-cü ildə Lozanna anlaşması il qüvvədən salınıb.
Mustafa Atatürkün başçılığı ilə aparılan milli-azadlıq hərəkatI Türkiyənin qələbəsi, Türkiyə Cümhuriyyətinin elan olunması və Lozanna anlaşması ilə bitib.
O da məlumdur ki, Sevr müqaviləsinin şərtləri sırasında ermənilərə qarşı saxta soyqırım iddiası əsas götürülərək, Türkiyədən ərazi və maddi təzminat məsələləri də yer alırdı. O səbəbə düşmən ölkə ümidini hələ də itirməyib. Rusiya sayəsində və Türk torpaqları hesabına Qafqazda yoxdan dövlət sahibi olan və yenə Rusiyanın köməyi ilə ərazisini genişləndirən (Zəngəzur, Göyçə v s.) ermənilər, indi də qarşı tərəf kimi Sevr sənədini imzalayan Qərb dövlətləri (Fransa, Böyük Britaniya, ABŞ) sayəsində öz bəd niyyətinə çatmağı xəyal edirlər. Beləcə, 100 ildir gözlərinə yuxu getmir, “ölü” müqaviləyə baxıb ağızları sulanır, “Bəlkə qaytardılar” sevdası ilə yaşayırlar.
Bu da isti fakt: iki gün öncə İrəvanda “Daşnaksütyun”, “Qnçak” və daha bir necə radikal-terrorçu partiyanın qəbul etdiyi birgə bəyanatda “Sevr müqaviləsinin şərtlərini həyata keçirməyin vacibliyi” vurğulanır, xüsusən də son vaxtlar bölgədə xeyli fəallaşan “Türkiyəni cilovlamaqdan ötrü” bunun vacibliyi önə çəkilir.
Müqavilənin 100 illiyi ilə bağlı rəsmi İrəvanın sərgilədiyi mövqe də aşağı-yuxarı eynidir. Bu da maraqlıdır ki, elə həmin gün Ermənistanı özünün “kiçik bacısı” sayan Fransanın “La Fiqaro” qəzetində Sevr anlaşması ilə bağlı qardaş ölkəyə qarşı təxribatçı ruhda, daşnak-terrorçuların çürük tezislərini təkrarlayan məqalə dərc olunub.
Təbii ki, Ankaradan reaksiya özünü çox gözlətməyib. Qaynar başlara növbəti dəfə soyuq su ələnib. Türkiyə Xarici İşlər Nazirliyinin bununla yaydığı açıqlamada deyilir: “Ermənistan hakimiyyətinin artıq ağla gəlmək və təcavüzkar millətçi siyasətdən imtina etmək vaxtı çatıb. Sevr müqaviləsinin şərtlərini yeniləmək cəhdi Ermənistanın növbəti təxribatıdır”.
Türkiyə Xarici İşlər Nazirliyi bəyan edir ki, Türkiyənin müstəqilliyindən məhrum edilməsini və parçalanmasını hədəfləyən Sevr Sülh Müqaviləsi 1923-cü il 24 iyulda Lozanna Sülh Sazişinin imzalanmasından sonra tam qüvvəsini itirib” (Bunu da qeyd edək ki, Lozanna razılaşması Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etmişdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqqını yalnız 1936-cı ildə imzalanmış Montrö sazişi ilə geri ala bilib).
Türkiyə XİN-in bəyanatında həmçinin öz xalqının qayğısına qala bilməyən Ermənistan hakimiyyəti tərəfindən Sevr müqaviləsini yeniləmək cəhdlərinin absurdluğu qeyd olunur, Ermənistanın bölgədə sülhə və sabitliyə ən böyük maneə yaratdığı vurğulanır.
Bu da əsla təsadüfi deyil ki, qüvvədə olmayan Sevr müqaviləsini “xortlatmağa” çalışan Ermənistan, özünün də imza atdığı Qars müqaviləsinin ləğvinə çalışır. Bu müqabilə isə 1921-ci il martın 16-da Türkiyə Respublikası ilə RSFSR arasında imzalanmış Moskva Sülh Müqaviləsinin tələblərinə uyğun olaraq Türkiyə ilə ZSFSR (o vaxt ona Cənubi Qafqazın üç respublikası daxil idi – Azərbaycan, Gürcüstan və Ermənistan) arasında imzalanıb. Ona görə ləğvinə çalışır ki, həmin sənəddə Naxçıvanın hüququ mənsubluğu və taleyi Azərbaycanın xeyrinə həll olunub və Türkiyə buna qarant dövlət olaraq imza atıb. Üstəlik, 1922-ci il sentyabrın 11-də qüvvəyə minən (parlamentlər tərəfindən ratifikasiya edilən) bu müqavilənin bitmə müddəti müəyyən edilməyib.
Gəl ki, ermənilər xam xəyallarla yaşamağa davam edirlər. Ermənistan və onun “əzabkeş xalqı” anti-Türk çevrələrin təhriki ilə hələ də “Dənizdən-dənizə böyük Ermənistan” xülyasından qurtula bilmir. Qarabağın işğalından sonra ağızlarında əməllicə şirə qalib deyəsən. Azərbaycan torpaqlarının ilhaqını az qala, tarixi ədalətin bərpası kimi təqdim və təbliğ etməkdən yorulmurlar. Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Serj Sərksiyan üzünü erməni gənclərinə tutaraq nə demişdi: “Bizim nəsil Qarabağ məsələsini xeyrimizə çözdü, “Qərbi Ermənistan” (Ağrıdağ – red.) həll etmək də sizin nəslin üzərinə düşür”.
Guya Dağlıq Qarabağ məsələsi artıq Ermənistanın xeyrinə qəti şəkildə yekunlaşıb-qurtarıb, indi də Naxçıvana, Ağrıdağa girişmək olar…
Sərkisyan əlbəttə ki, ənkə böyüyü ilə qələt edir. Çünki Qarabağ məsələsi bitib-zad etməyib. 2016-cililn aprelində Azərbaycan Ordusunun Serjə verdiyi ağrılı qulaqburması da məhz bunun anonsu idi. Əfsus, Türkiyə XİN-nin də vurğuladığı kimi, ermənilər indiyədək ağla gəlməyiblər. Gəlmək istəmirlər. Yeni rəhbərləri Nikol Pşainayn da eyni havanı çalır, “göylərdə süzür”, “Qarabağ Ermənistanındır, nöqtə” deyə sərsəmləyir. Bu günlərdə Ermənistan parlamentində təsdiqlənən “Milli Təhlükəsizlik Strategiyası” adlı cızma-qara da Azərbaycan, Türkiyə və Gürcüstana, hətta İrana ərazi ilhaqı hesabına “Böyük Ermənistan” mifi üzərində qurulub.
Demək ki, Qarabağla bağlı işğalçı tərəflə danışıqlara vaxt itirməyə dəyməz. “Quduzluq xəstəliyi” regionda daha böyük fəsad törətməmiş çomağı işə salmaq gərəkdir…