“Səncə, kimi baş nazir qoyarlar” deyə soruşdular, mən də bir ad çəkdim, amma adamın soyadı yadıma dərhal düşmədi. Fikirləşməkdəykən, sualı verən simsar baş nazirliyə namizədimin soyadını dedi, təsdiqlədim ki, bəli, onu deyirəm.
İşə gəldim, baş nazir postunu tutmaq üçün başqa bir adamın adını çəkdilər. Sonra yeni bir soyad səsləndi. Axırda özünün baş nazir olmaq vaxtı keçməkdə olan əməkdaşımız dedi ki, böyük ehtimalla gənc bir kadra etimad göstərəcəklər, çünki kadr seçimində gəncləşdirmə siyasəti yeridilir.
Bizə o qədər də isti-soyuğu yoxdur. Bizim S (sovet) nəslinin bəxti gətirmədi, keçid dövrünə düşdük, alın yazımızda Allahın bələdiyyə şurasına üzv seçilmək qeydi də olmadı. Bəlkə də əvvəl-əvvəl vardı, amma o ağır illərdə bütün yazılar pozuq-pozuq oldu, getdi.
Ona görə də sakitcə oturub izləyirik ki, kim baş nazir olacaq, kimi ona birinci, ikinci müavin qoyacaqlar. Biz yalnız ona ümid edə bilərik ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin yeni katibi nə vaxtsa salam-əleykümümüz olan bir həmkarımız olsun. O da bağda ərik məsələsidir. Yəni müasir dövrdə bağında ərik olan adam başqalarına salam vermir, bağdan ərik qurtarandan sonra gedib QHT açır, press-reliz göndərir.
Xüləseyi-kəlam, ictimai-siyasi fəallar olaraq hazırkı baş naziri işdən götürmüşük. “Kurtlar vadisi” serialının populyar vaxtlarında belə durumlarda hamı “qələmini qırıblar” ifadəsi işlədərdi. Müəllim isə dünən iclas keçirib və diyircəkli qələmi ilə bəzi sənədlərə qol çəkib.
Deyim ki, fəllar bu fikrə durduq yerdə gəlməyiblər. Onları bu düşüncəyə son 10 ilin konyukturu meylləndirib. Neçə ildir adı mediada bu cür hallandırılan adamlar bir qayda olaraq gedici olur. Ondan qabaqlar elə şey yox idi. 1993-2015-ci illər aralığında adı mediada, dillərdə dastan olmayan yüksək mənsəbli (nazirlər, komitə sədrləri, İH başçıları) adam qalmırdı, amma heç birini işdən çıxarmırdılar. Son illərdə isə bir vəzifəli şəxsin adının saytlarda, qəzetlərdə pis səciyyədə çəkilməsi sovet dövründə bir vəzifəli şəxsin “Kommunist” qəzetində tənqid olunması kimi bir şey olub.
İndiki cavanlar bilməz, 1920-ci ildən ta 1990-cı ilə qədər hansı kommunist məmuru partiyanın qəzetində tənqid edərdilərsə, adamı 1920-53-cü illər arasında tutub güllələyərdilər, 1953-64-cü illərdə tutardılar, amma güllələməzdilər, 1964-1990-cı illər arasında isə işdən və partiyadan çıxardardılar, o da ürək çatışmazlığı mərəzi tapardı.
İndi partiya qəzetləri yoxdur, əvəzində müasir media nəyi yazmağın məsləhət olduğunu, nəyi yazmamağın tövsiyə edildiyini yaxşı bilir. Əgər bir adamın qələmi bərkdirsə, hacəti qanırıb qırmırlarsa, onunla kimin nə işi ola bilər?
Fikir verirsinizsə, nəzəri olaraq vəzifədən götürülmüş müəllimin yerinə “təyinat”lar yazılı qaydada deyil, şifahi şəkildədir. Hamı danışır, amma heç kəs yazmır, ad çəkmir. Çünki bunun düşər-düşməzi ola bilər. Birinin adını çəkərik, bədxahları hərəkətə keçər, adamın baş nazir qoyulduğu deyil, işlədiyi vəzifədən də çıxararlar, bais-müsəbbib olarıq.
Yadımdadır, ötən əsrin 90-cı illərində (konkret desək, 1996-cı ilin sentyabrında) parlament sədri vəzifəsi boşalmışdı, bir xeyli jurnalist həmin posta səhiyyə naziri Əli İnsanovu “seçmişdi”, bir xeyli həmkarımız da əmək naziri Əli Nağıyevin üzərində israr edirdi. İkisi də o posta iddialı idi.
Həmin günlərdə Cəfər Əliyev adlı qocaman jurnalistlə bir yüngülvarı məclisdə həmsöhbət olduğumuz zaman o dedi ki, parlamentin sədri vəzifəsinə Əlini, Vəlini qoymayacaqlar, Murtuz müəllimi qoyacaqlar. Maraqlı gəldi, müəllimin informasiyalı adam olduğunu bilirdim, xarici ölkələrdə işləyib gəlmişdi, hər yerdə dostu-tanışı vardı. Ehtiyatla soruşdum ki, bu informasiya haradandır. Ağsaqqal həmkarımız dedi: “İnformasiya deyil, qənaətdir, bu günlərdə BDU-ya, Murtuz müəllimlə görüşməyə getmişdim, baxdım ki, professorun mühafizəçilərinin sayı üçqat artıb, yanına heç kəsi buraxmırlar. Hətta mən də özüylə çətinliklə görüşdüm, həmişə biləndə ki, gəlmişəm, gözlətmirdi, dərhal görüşüb söhbətləşirdik. Deməli, özünə nəsə deyiblər".
Bu söhbət 1996-cı ilin oktyabr ayının ilk günlərində, Yasamalda olub. Ondan 14-15 gün sonra Murtuz müəllim parlamentin sədri seçildi. Cəfər müəllim sağ olsaydı, soruşardıq. O, kimin baş nazir olacağını, əl-əlbət, bilərdi.
Dediyim odur ki, belə situasiyalarda soyuqqanlı olmaq, sağdan üçüncü pəncərəyə baxmaq lazımdır.
**
Dünya köhnə dünyadır, yüksək vəzifəyə iddialı olanlar təzədir.
Samir SARI