Hökumət həmişə deyir ki, bizdə cinayətlərin açılma faizi bütün dünyadan yuxarı rəqəmdir. Sabitlik var, qurd-quzu ilə otlayır, millət də iqtidarın ətrafında sıx birləşib. Bəs nədən birdən-birə bu polisə ictimai dəstək adlı qurumu yaratdılar? Özlərini təkzib eləyirlər.
Əstəgfürullah, mənim sabitliyə şübhəm yoxdur, üstəlik, siyasi dustaqlardan Fərəc Kərimli təzəcə azadlığa çıxıb və türmədə azı bir boş çarpayı qalır. Sadəcə, elə alınır ki, indiyə qədər ictimaiyyət polisə dəstək vermirmiş. Forma alandan sonra verib. Bir növ, dəstək formalaşıbdır.
Bir sual da ortaya çıxır: indi kimdəsə bu formadan olmasa, o, polisə ictimai dəstək verə bilərmi? Qanunsuz hal sayılmazmı? Misal üçün, Səyavuş Novruzov və Zahid Oruc asudə vaxtlarında belə formada niyə şəhərə çıxmasın?
Deyirlər bu gənclər polisə ictimai dəstək verəndən sonra polisə təzə işçi lazım olanda üstünlük bunlarda olacaqdır. Əla. Bəs biz bu sistemi başqa dövlət orqanlarında niyə tətbiq etməyək? Niyə “Müəllimə İctimai Dəstək”, “Prokurora İctimai Dəstək”, canım sənə desin, “Orduya İctimai Dəstək” qurumları yaradılmasın? Sonra həmin üzvlər müəllim, prokuror, general olanda üstünlük qazansın.
Hamısına uyğun formalar, geyimlər verilsin. Dur məktəbin qabağında, dərsdən qaçan uşaqları tut, zəncirlə, apar ver direktora. Gördün prokuror bekarçılıqdan milçək tutur, nəsə şikayət hazırla, qoy camaat işləsin. Gördün müdafiə naziri çoxlu şəkil çəkdirir, sən də instaqramı şəkillə doldur, düşmənin gözü çıxsın. Getdin gördün at, neynirsən şokolad… Üzr istəyirəm, bu nəsə tamam ayrı tema idi, səhvən bu yazıya düşdü. Texniki qüsurdur. Müvəqqəti narahatçılığa görə üzr istəyirik, imza əbədi icra başçısı Hacıbala müəllim. Vəssalam. Yazı bitdi.
Zarafat edirəm, bizdə bəxt hardandır belə qısa yazı ilə canımızı qurtaraq? Son vaxtlarda bu jurnalistika məsələsində Mətbuat Şurasına ciddi rəqiblərin yetişməsi göz önündədir. Bəlkə də Ziyafət Əsgərov təzəlikcə deputatxanada Əflatun Amaşovu bir növ danlayaraq “İnternet haqda çoxdan danışmırsınız” deyərkən buna işarə vururdu. Bərdənin icra hakimi telejurnalisti işdən qovdurub, başqa bir telekanalizasiyanı isə rəhmətlik Arabul müəllim demişkən, “dibindən kəsdilər”. Hələ bu harasıdır, bir hökumət agentliyi başqa hökumət agentliyindən işçi çıxartdırıbdır. Belə olmaz, Əflatun müəllim. Axı media aləmini tənzimləmək işinə siz baxırdınız. Bazar əldən gedir. Jurnalistikanı özbaşına buraxsan, kəfəni batırar.
Bir az yer qalıb, onu da müxalifətə həsr eləyək, deməsinlər iqtidarın adamıdır, ancaq iqtidardan yazır.
Gürcüstanda parlament seçkiləri yaxınlaşır, orda Mixail Saakaşvilinin partiyası uğurla irəliləyir, iki gün qabaq Tiflisdə bir mitinq keçirtdilər ki, yalan olmasın, bəlkə mitinqin başı Batumda olanda quyruğu Sınıq körpüyə dəyirdi. Özü də guya müxalifətdir. Sən təsəvvür elə, bizim İsa Qəmbərlə Əli Kərimlinin üstündə bu Mişa bir dəfə hakimiyyətə (Tiflis meri), bir dəfə müxalifətə keçdi, sonra yenə hakimiyyətə gəldi (Gürcüstan prezidenti), indi müxalifətdir, Ukraynada işləyir, ancaq partiyası təzədən hakimiyyətə gəlmək üzrədir. Biz isə 23 ildir süni AXC-Müsavat qarşıdurması izləməkdən bulimiya olmuşuq. Bəlkə bizim müxalifət gedib Saakaşvilinin partiyasına yazılsın, hakimiyyətə gəlməyin sirlərini öyrənsinlər?
İntəhası, öyrənməyə qalanda gərək Gürcüstanda yaşayan azərbaycanlılar çoxdan öyrənəydilər, gəlib bizə başa salaydılar. Bu sahədə isə bir nəticə yoxdur. Lətifəsi bizdən uzaq, bu temada bir məsəl var, deyir baxmaqla öyrənmək olsaydı, itlər qəssab olardı.
“Həqiqət üçün ən pis zəmanə, hər şeyin həqiqət ola biləcəyi zəmanədir” – bunu isə polyak Stanislav Jeji Lets demişdir.