Qan tökməyə həvəsli adamlar Avropada, anqlosaks arealda çoxdur
Uzun illər Suriyada döyüşəndən sonra sərhədi keçib Türkiyəyə gələn və burada saxlanılan 27 yaşlı suriyalı İŞİD-çi Abu Almouthanna ABŞ-ın “Fox News” telekanalına müsahibə verib.Əvvəl elə bildim Türkiyəyə keçmə səbəbi İŞİD-dən canını qurtarmaq istəyidir. Adam peşman olub, normal həyata qayıtmaq istəyir, reabilitasiyaya ehtiyacı var. Oxuduqca təəccübləndim və təəccüblənməyimə görə utandım. Cihadçı deyib ki, “əslində orda özümü xoşbəxt hiss edirdim; xristianları, kürdləri, yezidiləri öldürməklə bağlı hər hansı bir problem yoxdur, amma digər cihadçı döyüşçülərin ailələrinə, qohum-əqrəbalarına toxunmaq çox yanlışdır”.
Adam deyir ki, problem bizimkilərin öldürülməsidir, etirazım bunadır. Yoxsa hər şey qaydasındadır, kimi lazımdırsa kəsirdik, müsəlman qardaşların kəsilməsinə ürəyim dözmədi. Sonra da bir maraqlı məlumat verib: “Özəlliklə ingilis, fransız üzvlər baş kəsməkdə çox həvəslidirlər, tez-tez belə suallarla rəhbərliyə müraciət edirlər”. Bir də deyib ki, ən əjdaha döyüşçülər çeçenlərdir, onlar kimi başkəsən yoxdur. Onlar müəllimdir. Öyrənirik.
Keçənlərdə alman mətbuatında Avropa mənşəli İŞİD-çilərin ölkələr üzrə reytinqini gördüm. İngiltərə və Fransa (ən çox mühacirin yaşadığı ölkələr) əlbəttə, liderlik edirlər. Siyahıda 11 nəfər İsveçrədən gedən də vardı. On bir nəfər İsveçrə kimi ölkədən çıxırsa, qalanını fikirləşin.
İDM-dən sonrakı dövrdə, Avropa insanında toplanan enerjinin boşaldılması zərurəti doğub. Bu, nə vaxtsa partlamalıydı. Qan tökməyə həvəsli adamlar Avropada, anqlosaks arealda çoxdur. Gəlmələrin ailələrindən çıxanları demirəm, onlarla hər şey aydındır. Yerli əhalini deyirəm. Bu enerji hardasa boşalmalıydı, bunlara da fürsət düşdü. Nə qədər desən depressiv macərapərəst var, nədən ötrü fərq etməz – təki baş kəssin. Daha doğrusu belə deyək – dünyanın hər yerindən olan manyaklar üçün, o bölgə poliqona çevrilib. Bu Dgame industry” nə vaxtsa gerçək olmalıydı. Orada döyüşənlərin əksəriyyətinin sanballı kompüter oyunu təcrübəsinin olduğunu güman edirəm. Yaxalananlardan dəqiqləşdirsinlər.
Breyvik siqnal idi ki, nəsə fikirləşib tapmaq lazımdır. Bu heç məxfilik nəzəriyyəsi də deyil, banal sosiologiyadır. Bu həngamə qopan kimi, gamerlərin bölgəyə spontan axını başladı, onlara günəş doğdu.
Mən Avropada mənfi enerjinin boşaldılması ehtiyacı haqda, tək İŞİD-çinin nümunəsindən yola çıxaraq yazmadım. Bir gün kafedə oturub bir türk tanışımla söhbət edirdim. Qonşu masada yaşlı bir isveçrəli qadın əyləşmişdi, bizim türk ilə arada mırtlaşırdılar. Birdən qayıtdı ki, “bu gəlmələrin uşaqları da bizim küçəni zibilləyirlər, silahım olsa bu emiqrantları biçərəm”.
Amma diqqət edin, bizimlə problemi yoxdur, elə bir sirdaşlarıyıq, açıq danışır. Bir başqa hadisə də, oğlumun oxuduğu məktəbdə yaşanmışdı. Məktəbin bir pedaqoqu, həyətdə “fu…n auslander (filan etdiyim gəlmələr)” ifadəsini işlədib. Bizimki də dostları ilə (aralarında isveçrəli uşaqlar da olub) eşidib bunu. O şəxsi də tanıyıram – müstəsna nəzakətli, mədəni adamdır, həmişə salam verir, gülümsəyir.
Sözüm ona, belə şeylər məni coşdurmur, özümdən çıxarmır. İnsanlar bir şəkildə içlərini boşaltmalıdırlar. Tolerantlıq ədəbiyyatı ilə qarın doymur. Bu adamlar əslində əksəriyyətin düşündüyünü ifadə edirlər. Maraqlıdır ki, səninlə ünsiyyəti, xoş münasibəti qurulandan sonra da sənin yanında etirazını bildirir, səni istisna edir və elə bil özününkü bilib içini boşaldır.
Avropalını dindirirsən deyir ki, Afrikadan Hindistandan qonaq gəlmiş bizə quşlar, zülm əlindən qurtulmuşlar, amma nədənsə bizə ağac soxurlar. Sakit oturmurlar. Artıq nəzarəti itirmişik. Tarixdə olanlara görə, indi biz əziyyət çəkirik. İnsanlar kötü.
Bu insanlar Breyviklik etməyəcək qədər mədənidirlər. Razılaşaq ki, Breyvik Avropa üçün tipik hadisə deyil, belə tiplərə daha çox ABŞ-da rast gəlinir. Amma ordakı “gamer”lərdə ideoloji baza yoxdur. Əsasən. Breyvik zalımın isə kitabı vardı, adam Mein Kampf-2 yazmışdı. Cinayətə qədər yekə bir manifestasiya ilə çıxış etmişdi. Yəni Avropa insanı çox daha mədəni və savadlıdır. Manyakları da intellektualdır.
Almanlar yəhudiləri Zycklon B qazında boğanda, onlara siz-lə müraciət edirdilər. “Buyurun, zəhmətə olmasa əyninizi soyunun və kameraya keçin”. Bu qazla öldürmək məsələsi də nə zaman çıxmışdı? O zaman ki, alman əsgər və zabitlər kütləvi qəttlər törədəndə psixikaları pozulmağa başladı. Milyonlarla adam öldürülməlidir, buna güllə və əsəb çatdırmaq olar? Bununla da qaz və sobaları işə saldılar, çox mədəni tərzdə. Zabitlərin hamısı Şillerlə, Vagnerlə tanış idi. Bundan kimin şübhəsi var?
Söhbət hardan hara gəldi çıxdı. İŞİD-ə qoşularaq orda baş kəsən avropalılar isə, Avropanın parazitləridir. Bu potensialı içində daşıyan adamların gedib orada ölmələri, bunlara da sərf edir.