Müdafiə nazirinin müavini, general Kərim Vəliyev haqda həmişə xoş sözlər eşitmişəm. Həm zabitlərdən, həm onun vaxtilə komandir olduğu korpusda qulluq edən əsgərlərdən. Deyə bilmərəm general bu xoş sözlərə nə dərəcədə layiqdir, ümumiyyətlə, döyüşü uduzan və hər il çoxlu problemləri çıxan ordunun generalını tərifləməyin mənası varmı, yoxmu – mövzumuz əslində bu deyil. Sadəcə, dünən xəbər lentlərində Vəliyevin adından bir açıqlama gördüm.
Deyirdi ki, ordunun media ilə işləməsi, ordu-jurnalistika münasibətlərini tənzimləmək üçün müdafiə naziri Zakir Həsənovun əmri ilə yeni təlimat hazırlayıblar. Bu təlimat nəticəsində jurnalistlərimizin vətənpərvərliyi artacaqdır, ermənilər kəlləmayallaq olacaqdır və sairə. Halbuki indiyə qədər ordumuz haqda erməni mənbələrindən yalan-palan məlumatları tərcümə edib yayanlar varmış.
Ey hörmətli general, bunlar əlbəttə, çox yaxşı fikirlərdir, amma islanmışa çətir vermək kimi bir şeydir. Niyəsini sonrakı abzaslarda yazacağam. Hələlik onu qeyd edim ki, erməni dezinformasiyalarını yayan Kütləvi İnformasiya Vasitələrini araşdırsanız onların 99 faizinin birbaşa hakimiyyətdəki hansısa yapist oliqarxın pulu ilə yaşadığını görərsiniz. Bu bir yana, əgər KİV haqda qanun varsa, silahlı qüvvələr haqda qanun varsa, indiyə qədər bu qanunlara əməl edilməyibsə bunun günahını orda-burda axtarmağın mənası nədir? Ordunu guya gizlətmək, kamuflyaj eləmək üçün təlimatlar düzüb-qoşursunuzsa, başqa məsələ. Ancaq bu da mənasızdır, müvəqqəti, lap elə hərbi terminlə desək taktiki gedişdir, strateji anlamda önəmsizdir. Çünki görünən dağa bələdçi lazım deyil. O dağ da Qarabağ, işğal edilən torpaqlardır.
Hər halda, qəhrəman generallarımızın atəşkəsin, məğlubiyyətin 20 illiyində heç olmazsa jurnalistləri “vurmaq” qərarına gəlməsi sevindiricidir. Bəs necə, təki vətən yaşasın! Biz yazarları vurun, adınız çıxsın, erməni qorxub qaçsın, gedək Göyçə gölünü də hasara salaq, yanında Ziya müəllim qardaşı üçün “Göyçə Beynəlxalq Göl Vağzalı 21-ci əsr” holdinqi qayırsın. Patriotizm nəqliyyat müfəttişlərinin də son sığınacağıdır – bunu mütəfəkkir Semyuel Conson demişdir.
Düşünülmüş, ardıcıl, məqsədyönlü, uzaqgörən, analoqu olmayan siyasətdir. Axı başqa sahələrdə də hökumətimiz öncə jurnalistləri aşırtmaqla işə başladı. Ordu jurnalistikasına isə az diqqət verilirdi, indi təlimat var, “gözəl günlər görəcəyik, cocuqlar” – şair demişkən. Təlimat olmayanda işləmək çətindir. Jurnalistlər hansı generalın maşını neçəyədir, kimin villası hardadır tipli hərbi sirləri gərək yaymasınlar.
Ancaq indi sizə elə bir faktdan yazacağam ki, dünya tarixində bəlkə bunun analoqu heç yerdə olmamışdır. Bişmiş toyuğu güldürən əhvalat deyirlər, bax, onun tam özüdür.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 13-də Bakıya gəlmişdi. Bir-iki gün buralarda gəzdi, qayıdıb-qayıtmadığını bilmirəm. (Kərəm müəllimin təlimatına görə hazırda mən bunu dəqiqləşdirmək üçün gərək MN-ə ərizə yazım, JEK-dən arayış gətirim, ASAN xidmətdə xarici pasportumu təsdiqlətdirim, nikah haqda şəhadətnaməmin surətini, əsgərlikdə istifadə elədiyim AK-74 avtomat silahının kalibri haqda dəqiq çertyojları, 6-cı sinifdə oxuyan qızımın coğrafiya dərsində çəkdiyi kontur xəritəni və sairəni MN Operativ Kəşfiyyat İdarəsinə təqdim edim, hələ ondan sonra da 1 il gözləyim, cavab olmasa da qəm yeməyim). Şoyqu Bakıda səfərdə ikən Rusiyanın Ermənistandakı hərbi bazaları irimiqyaslı təlim keçirdirdilər və təlimlərə əmr və göstərişləri Şoyqu müəllim, ay sağ olasınız – Bakıdan verirdi!
Gör nə əla durumdur. İşğal edilən ölkənin paytaxtında oturub işğal edən ölkədə hərbi təlim keçirmək – bu ancaq bizim kimi suveren dövlətlərdə baş verir. Müqayisə üçün misal da tapa bilmirəm, oxucular bağışlasın. Hər halda, bir cəhd edək: 2-ci Dünya savaşı zamanı Almaniya və Yaponiya müttəfiq idi. İndi təsəvvür edin ki, Hitler Moskvada oturub Tokioda təlim keçirdəydi.
Zəif müqayisə oldu, amma təlimata uyğundur.