Medianews.az
Yalançı müsahibə, gerçək hədəf
165 baxış

Yalançı müsahibə, gerçək hədəf

 

Yalançı müsahibə, gerçək hədəf

 

Durub ölkədə ciddi saydığım üç-beş saytdan biri olan Modern.az-ı qınamaq istəmirəm, amma gərək o, bizi belə bir kələyə salmayaydı. Əslində “modern”çilərdə də günah yoxdur, onlar da Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet resursunun -"azerrosnn.ru"nun yalançısıdırlar.

 

Əbdürrəhman Vəzirovla müsahibəni “azerrrosnn.ru” yaymışdı, “Modern” də tərcümə edib vermişdi, sırasında musavat.com və digər bərkgedən saytlar da olmaqla əksər internet resursları “adə, qoyma, müsahibədən qalmadı” haray-həşiri ilə həmin söhbəti tirajlamışdılar. 

İndi məlum olur ki, Vəzirov elə bir müsahibə verməyib. Qohumlarının sözü olmasın, Rəhman müəllim bunu “Turan”ın müxbirinə özü deyib və əlavə edib ki, ümumiyyətlə, heç kəsə müsahibə vermir. 

Amma maraqlı “müsahibə”ydi. Çox inandırıcıydı. Elə detallar vardı ki, bunu yalnız Vəzirov deyə bilərdi. Məsələn: “Üç nəvəm var. Bu yaxınlarda nəticəm doğulub. Adını Eldar qoyduq. Ötən il ağır sınaqla qarşılaşdım. Həyat yoldaşımı itirdim. Bunu yaşamaq çox çətindir”.

Buradan belə çıxır ki, müsahibəni təşkil edən adam hər kimdirsə, Rəhman müəllimin nəticəsinin doğulduğunu və adının Eldar qoyulduğunu bilir. 

Bəs belə bir inandırıcı psevdomüsahibə uydurmaq kimə və nəyə görə lazımdır. Bunu bilmək üçün xoruzun quyruğunu axtaraq və “müsahibə”yə yenidən göz gəzdirə-gəzdirə düşək aşağı.

Vəzirov deyir: “Bir müddət mənə Söyün Sadıqovun fəaliyyəti maraqlı gəldi”. Bu, “xoruzun quyruğu” və ya “torbadakı pişik” ola bilərmi? Hiss olunur ki, yox. Bəs bu necə? “Bu milyarderlərdən mən yalnız Araz Ağalarovu tanıyıram. Ona hörmətim var. Yaxşı adamdır”.

Bu da o xanədəndir. Ağalarovu Rəhman müəllimin diliylə “vurdurmaq” kimin nəyinə lazımdır?

Amma bu sitat çox maraqlıdır: “Abbas Abbasova gəlincə, səhv etmirəmsə, onu mən Özbəkistandan Azərbaycana gətirmişəm. Gətirəndən sonra Abbas Abbasovu Abşeron rayonunun Partiya Komitəsinin birinci katibi təyin etdim”.

Maraqlıdır, yoldaş Vəzirov “Turan” agentliyinə verdiyi eksklüziv və qısa açıqlamada deyir ki, onun adından yalançı müsahibə yazanlar bilməliydilər ki, raykom katibi təyin edilmir, seçilir. 

Əlbəttə, bu iddia ilə razılaşmaq olmur. Çünki adı seçkiydi, amma bu cür vəzifələrə kadrlar 2-3 gün əvvəldən təyin olunurdu, plenumda isə nümayəndələr yalandan əl qaldırıb “seçirdilər”. Ondan da keçən yerdə, heç olarmı adamı Özbəkistandan çağırıb gətirələr ki, gəl bizdə raykom katibliyinə namizədliyini ver, gör seçilə bilirsənmi.

Xüləs, belə düşünmək olarmı ki, yalançı müsahibənin məqsədlərindən biri son günlər adı dillər əzbəri olmuş Abbas müəllimi Vəzirovla bağlayıb “rus adamı” elan etməkdir? Yenə yox.

“Müsahibə”də daha bir həssas məqam var. Rəhman müəllim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu barədə söz açılarkən deyir: “Onunla heç bir əlaqəm yoxdur. Xeyli illər əvvəl bir dəfə görüşmüşdük. Polad özü yaxınlaşıb məni qucaqladı. Siz yəqin bilirsiniz. Onu mən nazir təyin etmişdim”. 

Məncə, “xoruzun quyruğu” məhz budur. “Müsahibə”ni təşkil edənlərin məqsədi səfir Bülbüloğlunu yek ayağına qoymaqdır. Hamı bilir axı, bu hökumət düşmənlə qucaqlaşan kadrını bağışlamır. Üstəlik, Rusiyadakı səfir postu çox yekə vəzifədir. Orda gözü olanlar çoxdur.

Polad müəllimin Vəzirovla qucaqlaşmasına gəlincə, bu, ağlabatan söhbətdir. Ola bilər. Çünki 1989-ci ildə Vəzirov 42 yaşlı Polad Bülbüloğlunu nazir təyin edəndə, gərək ki, baş nazir Həsən Seyidov demişdi ki, çox cavandır, olmaz. Vəzirov da demişdi ki, u neqo sorok dva qoda, oçen solidnıy vozrast (yəni “onun 42 yaşı var, ciddi yaşdadır”). Bu baxımdan Bülbüloğlunun nə vaxtsa bir məclisdə onu nazir təyin etmiş adamı qucaqlaması təbiidir. Hələ onu da nəzərə alaq ki, Vəzirovdan sonra Polad müəllimi vəzifəsindən çıxara biləcək 5 dövlət başçısı (Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər, Əbülfəz Elçibəy, Heydər Əliyev) bunu etmədilər. Əslində Polad müəllim bəlkə də həmin şəxslərin həyatda olanları ilə də hardasa rastlaşsa, qucaqlayar.

Hər halda, fəhmim deyir ki, Rəhman müəllimin adından yayılmış müsahibə sırf Bülbüloğluna qarşıdır.

Bizə qoşulun