Medianews.az
Bakıda burun əməliyyatından ölən kişini dəfn etmirlər (VİDEO)
411 baxış

Bakıda burun əməliyyatından ölən kişini dəfn etmirlər (VİDEO)

Bu ilin əvvəlindən bir neçə faktda xəstələr həkimlərin işinə məsuliyyətsiz yanaşmasının qurbanı olub. Hər halda bunu ölən şəxslərin yaxınları dilə gətirirlər. Xatırladaq ki, bir ay əvvəl 18 yaşlı oğlan qarın boşluğunda aparılan əməliyyat zamanı ölmüşdü. İndi isə adi burun əməliyyatı zamanı 46 yaşlı kişi qanaxmadan ölüb. Hadisə Biləcəridə Dəmiryolu xəstəxanasında olub.

Burun çəpərinin əyriliyindən əziyyət çəkən Yasamal rayonu Şahbazi küçəsi 100 a-da yaşayan Qalib Əsədullayev burun çəpəri əməliyyatından sonra dünən Biləcəri Mərkəzi Dəmiryol xəstəxanasında dünyasını dəyişib. Mərhumun qardaşı deyir ki, Qalib burun çəpərinin əyriliyinin düzəldilməsi üçün iki dəfə əməliyyat olunub. Hər iki əməliyyatı sözügedən xəstəxananın qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin müdiri professor Rafiq Rzayev edib. Həkim xəstəni iki dəfə əməliyyat etməsinin səbəbini birinci əməliyyatın uğursuz alınması ilə izah edib.

Mərhumun qardaşı Həsənağa Əsədullayev: “Həkim ona deyib ki, mən sənin qığırdağını kəsmişəm ki, yaxşı nəfəs alasan, bunu tibbdə heç kim etməyib, mən etmişəm. Qardaşım da bu eksperimentin qurbanı oldu. 2000 manat da pul verib ona. Qanaxmadan öldü”. 

Qalib Əsədullayevi Rafiq həkim ikinci dəfə aprel ayının 17-də əməliyyat edib.Əməliyyatdan sonra xəstənin burnundan 5 dəfə qan açılıb. Qanaxmanın çoxalması xəstədə anemiya yaradıb. Bu səbəbdən Əsədullayevlər ailəsi Qalibi mayın 4-də yenidən xəstəxanaya aparıblar.

46 yaşlı Qalibin ölümünə nəyin səbəb olduğunu onu əməliyyat edən həkimdən öyrənmək üçün Biləcəri Mərzəki Dəmiryol xəstəxanasına getdik. Qapıda dayananlar həkimin bu gün səhər saat 11-də işə gəldiyini dedilər. Amma həkimin otağını boş gördük. Həkim yoldaşları da var gücləri ilə bizi inandırmağa çalışırdılar ki, həkim xəstənaxanada deyil. 

11 yaşlı oğlu, 18 yaşlı qızı olan Qalib Əsədullayevin yaxınları Səhiyyə Nazirliyinin Rafiq Rzayev haqda ciddi tədbir görməyəcəyi təqdirdə mərhumu dəfn etməyəcəklərini bildirirlər. Səhiyyə Nazirliyində isə deyirlər ki, sözügedən xəstəxana "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında olduğundan həkim haqqında tədbiri də onlar görməlidir. "Azərbaycan Dəmir Yolları" QSC-dən isə bildirdilər ki, tibbi ekspertizanın rəyindən sonra qurum professor Rafiq Rzayevin cəzalandırılması üçün hər hansı bir tədbir görəcək. 

Bizə qoşulun