
Putinin keçirdiyi qapalı iclasın təfərrüatları açıqlanır
Bakıdan isə YAP rəhbərliyi buna qəzəbli reaksiya verdi; Mübariz Qurbanlı: “O, xüsusi xidmət orqanlarına işləyib, “Milyarderlər ittifaqı” da Rusiyanın müəyyən strukturlarının təsiri ilə yaradılan qondarma təşkilatdır”
Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən və millətlərarası münasibətlərə həsr olunmuş iclasda “AzerRos”un keçmiş prezidenti, Bakıdan tez-tez sərt tənqid olunan Söyün Sadıqov Azərbaycana nümunə göstərilib. Xəbər verildiyi kimi, Putin bir gün əvvəl Rusiya prezidenti yanında Millətlərarası münasibətlər Şurasının iclasını keçirib. İclasda Rusiyanın 2025-ci ilə qədər milli siyasətinə dair Putin tərəfindən irəli sürülmüş planın həyata keçirilməsi məsələsi müzakirə olunub. İclasda Söyün Sadıqov da iştirak edib. Kremlin rəsmi saytı dünən bu iclasın stenoqramının bir hissəsini yayıb. İclasda Rusiya Prezidenti Administrasiyasının rəhbərləri, federal hökumətin üzvləri, milli diasporların liderləri və ictimai birliklərin rəhbərləri, ekspertlər iştirak ediblər.
Stenoqramdan məlum olur ki, Rusiya prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərrüfatı Akademiyasının federal və milli münasibətlər kafedrasının müdiri Vyaçeslav Mixaylov Putindən sonra çıxış edib. O, çıxışında Rusiyadakı federal-milli muxtariyyətlərin fəaliyyətinin “əsasən qənaətbəxş olmadığını” deyib. Bununla belə V.Mixaylov deyib ki, Rusiya Azərbaycanlıları Federal Milli-Muxtariyyətinin fəaliyyəti başqalarına nümunə ola bilər. “Mürəkkəb sistemlərin idarə edilməsində özünü təşkilatlandırma və ictimai institutların sosial proqramlara cəlb olunması mühüm rol oynayır. Bu baxımdan bizim ictimai institutlar mühüm rol oynayırlar. Siz, Vladimir Vladimiroviç, bayaq çıxışınızda milli-mədəni muxtariyyətlər barədə xatırlatdınız. Onlar hələ o qədər də effektiv işləmir, ancaq bir nümunə göstərə bilərəm. Budur, bizim müşavirənin iştirakçıları olan Ara Abramyan və Söyün Sadıqov-azərbaycanlı və erməni milli-mədəni muxtariyyətlərinin rəhbərləridir. Onlar qısa müddət ərzində hər şeyi ediblər ki, Moskvada azərbaycanlılarla ermənilər arasında qırğın olmasın. Onların fəaliyyəti Azərbaycan və Ermənistan hökumətləri üçün nümunə ola bilər” deyə, Mixaylov bildirib. Putin isə çıxışına görə ona təşəkkür edib.
Qeyd edək ki, ötən ay S.Sadıqov “AzerRos”un prezidentliyindən gedib. Bu təşkilatın Moskvada, Rusiya Prezidenti Administrasiyasının balansında olan “President Hotel”də keçirilmiş qurultayında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, S.Sadıqovun fəal təşkilatçılığı ilə yaranan “Milyarderlər İtifaqı”nın rəhbəri seçilən Abbas Abbasov “AzerRos”un yeni yaradılan Ağsaqqallar Şurasının sədri seçilib. Ağsaqqallar Şurası təşkilatı idarə edən əsas orqan kimi geniş səlahiyyətlər alıb. S.Sadıqov isə hazırda Vahid Rusiya Milli Partiyası adlı siyasi partiya yaratmaqla məşğuldur. Özünün dediyi kimi, bu işə Putinin tövsiyəsi ilə başlayıb. S.Sadıqov “AzerRos”dan getsə də, Rusiya prezidenti yanında Millətlərarası münasibətlər Şurasının üzvü olaraq qalır və nəticədə sonuncu iclasda da iştirak edib. Həmin Şuraya Rusiya Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Vyaçeslav Volodin, Hökumət Aparatının sədrinin müavini Dmitri Kozak, Federasiya Şurası sədrinin birinci müavini Aleksandr Torşin, Dövlət Duması sədrinin birinci müavini İvan Melnikov və digər yüksək vəzifəli məmurlar da daxildir.
Qeyd etmək lazımdır ki, S.Sadıqov “Milyarderlər İttifaqı”nın yaranmasından və Bakının bu təşkilata qarşı kəskin neqativ münasibətindən sonra faktiki olaraq Azərbaycandakı hakimiyyətə qarşı müxalif mövqedən çıxış edir. O, bir neçə dəfə müsahibələrində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi mesajlar səsləndirib. Bu günlərdə yayılan müsahibəsində isə S.Sadıqov xəbərdarlıq etmişdi ki, Azərbaycanda prezident seçkilərinin “kifayət qədər mürəkkəb keçəcəyi” şübhəsizdir. Onun sözlərinə görə, Rusiya azərbaycanlıları bu seçkilərdə Putinin Avrasiya İttifaqı ideyasını dəstəkləyən namizədi müdafiə edəcək. S.Sadıqovun hər dəfə bu cür mesajlarla çıxış etməsi Bakıdan dərhal kəskin reaksiyalara səbəb olur. Məsələn, YAP-ın icra katibinin müavini, deputat Səyavuş Novruzov onu ən ağır ifadələrlə təhqir edir, bildirir ki, S.Sadıqovun başı “ancaq xaş üçün ” yarayar. Həmçinin Bakıdakı digər hakimiyyət təmsilçiləri S.Sadıqovun “Rusiyadakı müəyyən anti-azərbaycançı dairələr tərəfindən danışdırıldığını” deyirlər. Eyhamlardan sezmək çətin deyil ki, söhbət məhz prezident Putindən gedir. Çünki S.Sadıqov onun rəhbərlik etdiyi Şuranın üzvüdür, vaxtaşırı olaraq Putinlə görüşür və hər dəfə də bəyan edir ki, Rusiya prezidentinə sadiq adamdır.
Putinin rəhbərlik etdiyi iclasda S.Sadıqovun Azərbaycan hakimiyyətinə nümunə göstərilməsinə də Bakıdan qəzəbli reaksiya verilib. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı 1news.az saytına açıqlamasında deyib ki, S.Sadıqov azərbaycanlılar adından danışmaq, Azərbaycanın təmsilçisi kimi ermənilərlə danışıqlar aparmaq üçün mənəvi haqqa malik deyil: “Mən şəxsən hesab edirəm ki, S.Sadıqovun Rusiyada azərbaycanlılar adından çıxış etməyə nə mənəvi, nə siyasi haqqı çatır. Onun azərbaycanlıların milli-mədəni muxtariyyətinə rəhbərlik etmək hüququ da yoxdur. Çünki Söyün Sadıqov heç vaxt Azərbaycan vətəndaşı olmayıb, hazırda da Rusiya vətəndaşıdır. O, milliyyətcə azərbaycanlı ola bilər, lakin bu ona haqq vermir ki, azərbaycanlıları təmsil etsin”.
M.Qurbanlı deyib ki, Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır və onlar bu ölkədə öz diaspor təşkilatlarını yaradıblar: “Söyün Sadıqov isə Gürcüstandan Moskvaya gedib, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olub ki, bu da onun fəaliyyətini daha çox şübhə altına alır. Mən onun Moskvada ermənilərlə görüş təşkil etməsini də düzgün hesab etmirəm, çünki heç kim ona belə səlahiyyət verməmişdi. Onun tərəfindən Rusiyanın müəyyən strukturlarının təsiri ilə yaradılan təşkilat ( ”Milyarderlər İttifaqı"-red) da qondarma təşkilatdır. Ona görə də Vyaçeslav Mixaylovun Söyün Sadıqovu və Ara Abramyanın bizə nümunə göstərilməsi aydın deyil. Mən bunu düzgün hesab etmirəm." YAP icra katibinin müavini əlavə edib ki, S.Sadıqovun Moskvada ermənilərlə görüşlər təşkil etməsi Azərbaycan ərazilərinin işğalına haqq qazandırır. Ona görə də Rusiyada yaşayan azərbaycanlılar onun təşkil etdiyi separat görüşləri pisləməlidir. “S.Sadıqovun Azərbaycanla bağlı məsələlərə qarışmağa nə mənəvi, nə siyasi haqları yoxdur. Bu adam ümumiyyətlə neqativ fəaliyyətlə məşğuldur” deyə M.Qurbanlı bildirib.
Bu arada S.Sadıqovla birgə Rusiya prezidenti yanında Millətlərarası münasibətlər Şurasında təmsil olunan digər şəxsin-Rusiya ləzgilərinin Federal-Milli Muxtariyyətinin saytı Azərbaycana qarşı etnik zəmində hücumları davam etdirir. Sözügedən təşkilatın saytında Azərbaycanın Dağıstanın cənubunu “ələ keçirdiyi”, orada xüsusi xidmət fəaliyyəti ilə məşğul olduğu, hətta radikal qruplaşmalara dəstək verdiyi barədə iddialardan ibarət geniş məqalə haqda məlumat vermişdik. Flnka.ru saytı dünən Azərbaycanda etnik qarşıdurma yaratmağa xidmət edən daha bir təxribatçı məqalə yerləşdirib. Bu dəfə söhbət “Azərbaycanda ləzgi müxalifəti”nin mümkünlüyündən gedir. Məqalədə Azərbaycanda son xalq etirazlarından söhbət açılır, ardınca sual edilir: “Bu etrazlara qalxanlar arasında ləzgilər də varmı? Axı Azərbaycanda onların vəziyyəti olduqca acınacaqlıdır.”
Saytın Bakıdakı müxbiri Azərbaycanda ləzgilərin problemləri ilə bağlı Ədliyyə Nazirliyinə, digər rəsmi orqanlara zəng etdiyini, ancaq heç bir cavab ala bilmədiyi iddia olunur. Daha sonra bu məsələ ilə bağlı “insan haqları müdafiəçisi və ictimai xadim” kimi təqdim olunan Elnur Məlikov adlı ekspertin fikirlərinə yer verilir. O isə deyir ki, Azərbaycanın siyasi həyatında ləzgilər “heç bir səviyyədə təmsil olunmur”, baxmayaraq ki, bəzi istisnalar var. E.Məlikov bildirir ki, ləzgilər Azərbaycanda keçirilən etiraz aksiyalarında iştirak edir, ancaq etnik baxımdan yox, yəni onlar cəmiyyətin demokratikləşməsini istəyir, ancaq özlərinin ləzgi olduğunu xüsusi qabartmırlar. Sadəcə, öz vətəndaş mövqelərini ifadə edirlər.