“Milyarderlər ittifaqı” ilə əlaqəsi olan məmurlar təhlükədə...
“AST Telman” və Abbas Abbasovla yaxın münasibətləri olan nəqliyyat naziri “odla-od arasında” qalıb; hakimiyyət Moskvada yaradılan qurumla hər hansı təması olanları tam nəzarətə götürüb; bəzi məmurlar Rusiya sanatoriyalarına getməkdən belə vaz keçib...
usiyada iri azərbaycanlı oliqarxların yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ), yəni “Milyarderlər ittifaqı” və ya “rus konseyi” şərti adı ilə tanınan qurum Azərbaycanda bəzi oliqarx-məmurlara ciddi problem yaradıb. Məlumatlara görə, Rusiyada yaradılan bu ittifaqdakı şəxslərlə əlaqəsi olan bütün məmurlar ciddi nəzarət altındadır. Onların bu günlər hara getdiyinə, kimlərlə görüşdüyünə diqqət edilir, xüsusilə ölkə xaricindən gələn şəxsi qonaqlar və xaricə olunan zənglər nəzarətdə saxlanır.
Xəbəri redaksiyamıza verən mənbənin dediyinə görə, bu səbəbdən də bəzi məmurlar şəxsi dostları, qohumları ilə görüşləri məhdudlaşdırıblar. Onlar rəhbərlik etdikləri nazirliklərdə bütün rəhbər şəxslərə kompüter yazışmalarında da diqqətli olmağı tapşırıblar. Qaynağımızın dediyinə görə, bəzi məmurlar hətta bu aylar hər il müalicə üçün getdikləri Rusiyanın sanatoriyalarına getməkdən belə vaz keçiblər.
Maraqlıdır ki, bu vəziyyətdən bir-biri ilə konfliktdən olanlar ustalıqla istifadə edirlər. Onlar “Milyarderlər ittifaqı”nda təmsil olunan oliqarxlara dostluq münasibətlərinə malik məmurların hər bir hərəkət trayektoriyasını “öz xəfiyyələri” vasitəsilə izlətdirir, hər hansı bir şübhəli təmas axtarırlar. Çünki hakimiyyət artıq bu qurumla bağlı mövqeyini ortaya qoyub və onlarla hər hansı bir təmas iqtidara qarşı çıxmaq kimi qiymətləndiriləcək.
Məlumatlar var ki, hakimiyyət ÜATİ-də təmsil olunan yalnız bir nəfər - Araz Ağalarov istisna olmaq şərti ilə qalan hamısının bütün səviyyələrdə “vurulmasına” qərar verib. ÜATİ-də təmsil olunan şəxslərin Bakıdakı şəxsi biznesləri, mülkləri bir-bir siyahıya alınır və siyahı mərkəzləşdirilmiş qaydada “yuxarılara” təqdim edilir. Sonra oradan da müvafiq nazirliklərə ötürülür ki, “lazımı ölçü” götürülsün.
Heydər Əliyev hakimiyyətində ən nüfuzlu fiqurlardan olan, İlham Əliyevin isə “İstiqlal” ordeni ilə yola saldığı Abbas Abbasovun Azərbaycandakı biznesinin sıxışdırılması bu xəbərlərin doğru olduğunu göstərir. Məhz bu səbəbdən baş nazirin sabiq I müavini, eləcə də ÜATİ-dəki azərbaycanlı oliqarxlarla biznes şərikliyi olan məmurlar indi bərk təlaşa düşüblər.
Bu sırada hədəfə gələnlərdən birincisi isə nəqliyyat naziri Ziya Məmmədovdur. Ziya Məmmədov “rus konseyi” ilə ən çox və sıx əlaqəsi olan məmurdur. Onun hələ hakimiyyət dönəmində Naxçıvan klanı ilə mübarizədə ən ciddi dəstəkçilərindən biri “Gəncəbasar ağsaqqalı” kimi tanınan Abbas Abbasov olub. Onun baş nazirin I müavini kimi nəqliyyat sektorunu da kurasiya etməsi Z.Məmmədovla münasibətlərini daha da yaxınlaşdırmışdı.
A.Abbasov vəzifədən gedəndən sonra ortaq dostları - “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılovun yanında vitse-prezident təyin edilməsi bu münasibətlərin dərin köklərə malik olduğunu göstərir. A.Abbasov vəzifədən getdikdən sonra da onların əlaqələri, o sıradan Z.Məmmədovla münasibətləri öz möhkəmliyini qoruyub.
Z.Məmmədovun “Milyarderlər ittifaqı”ndakı daha bir yaxın dostu Telman İsmayılovdur. Hakimiyyətin üst düzeyi ilə soyuq münasibətləri olan “AST Telman” Z.Məmmədovun ən sadiq dostlarından biri, üstəlik də həmyerlisi hesab olunur. Məlumatlara görə, onun Bakıya gəlməsi hakimiyyəti həmişə qıcıqlandırıb və Z.Məmmədova ondan məsafə saxlaması üçün bu barədə dəfələrlə irad da bildirilib. “AST Telman”ın 2010-cu ilin martında Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayına gələrkən özü ilə dəyəri 1 milyon dollar olan “Rolls-Royce” markalı bahalı avtomaşınını da gətirməsi hakimiyyəti qəzəbləndirmişdi. Nəqliyyat naziri o zaman da milyarder dostunun bu hərəkətinə görə qəzəbə gəlmişdi.
Amma bunlara baxmayaraq bir neçə ay əvvəl nəqliyyat naziri ilə T.İsmayılov iri biznes layihələri həyata keçirmək üçün anlaşıblar. Söhbət beşulduzlu hotellərin, elit ticarət mərkəzlərinin, ölkənin istirahət bölgələrində turizm-əyləncə komplekslərinin inşası, neft hasilatı və alqı-satqısı kimi sərfəli biznes sahələrinə kapital qoyuluşundan gedir. İndi bu proyektlərin taleyi böyük sual altına düşüb. Z.Məmmədova deyilib ki, “AST Telman”la, eləcə də A.Abbasovla əlaqələrinə son versin. Xəbərlər var ki, Z.Məmmədov ÜATİ ilə hakimiyyətin münasibətlərinin son dərəcə gərginləşdiyinin fərqindədir və bu səbəbdən xeyli ehtiyatlı mövqeyə çəkilib. Nazir yaxşı bilir ki, indiki vəziyyətdə hər an “yana bilər” və bunu istəyən bir çox rəqibləri fürsət gözləyirlər.
Z.Məmmədov bu səbəbdən moskvalı dostları ilə əlaqələri məhdudlaşdırıb. Hətta oğlu Anar Məmmədova da xarici səfərlərində “Moskvaya düşməməyi” tapşırıb. Deyilənə görə, Z.Məmmədov yaxın ətrafına “Milyarderlər ittifaq”ını nəzərdə tutaraq “bizi yaman işə saldılar” söyləyib.
Z.Məmmədovun bundan sonra nə edəcəyi çox maraqlıdır. Bir tərəfdə dostlar, bir tərəfdə hakimiyyət. İki od arasında qalmaq isə nazirə yaxşı heç nə vəd etmir.
Başqa bir mənbədən aldığımız məlumatda isə bildirilir ki, Ziya Məmmədov öz biznesi ilə bağlı ciddi önləmlər alıb. Məlumatda bildirilir ki, Z.Məmmədov Nəqliyyat Nazirliyinin xəttilə yaradılmış və faktiki olaraq neçə illərdir nazirin şəxsi müəssisəsi kimi fəaliyyət göstərən MMC-ləri birləşdirərək “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun “Baglan Group” şirkətinə birləşdirib. Hətta deyilənə görə, Nəqliyyat Nazirliyinin taksi fəaliyyəti üçün və digər sahələrlə bağlı lisenziya verməsi də “Hafka”nın şirkətinə həvalə edilib. Belə anlaşılır ki, Z.Məmmədov onu gözləyən sanksiyaları göz altına alıb indidən öz biznes imperiyasını qorumaq üçün önləyici tədbirlərə əl atır. O, bununla hətta vəzifədən çıxarılacağı təqdirdə biznesinin əhəmiyyətli hissəsini əlində saxlamağa çalışır.
Mövzu ilə bağlı Z.Məmmədovun mövqeyini çap etməyə hazırıq.
musavat.com