Yeni Zelandiyanın Cənub adası kəskin fırtınaya məruz qalıb. Nəticədə ciddi daşqınların, torpaq sürüşmələrinin baş verməsi və çaylarda suyun səviyyəsinin kritik həddə çatması riski yaranıb. Bəzi regionlarda ən yüksək olan "qırmızı" hava təhlükəsi səviyyəsi elan edilib.
"Xinhua" agentliyi bu barədə "MetService" meteorologiya xidmətinə istinadla xəbər yayıb.
Təhlükə xəbərdarlığı Marlboro, Kenterberi, Danidin və Kluta rayonlarına şamil edilib. Dağlıq zonalarda yağan yağışın intensivliyinin saatda 15-25 millimetrə çatacağı ehtimal olunur.
Rəsmilər kəskin hava şəraitinə görə yolları keçilməz hala düşəcəyini və bəzi yaşayış məntəqələrinin ətraf aləmdən təcrid olacağını bildirirlər. Danidin şəhərinin əhalisinə evlərini tərk etməmək tövsiyə olunub. Şəhərdə selə qarşı baryerlər quraşdırılıb, həmçinin qum torbalarının verildiyi məntəqələr və təxliyə mərkəzləri fəaliyyətə başlayıb.
Həmçinin Cənubi Kenterberidə dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən ərazilərə intensiv qar yağacağı, sahilboyu zonalarda isə qasırğalı küləyin əsəcəyi proqnozlaşdırılır.
Meteoroloqların ehtimallarına əsasən, siklon həftənin ortalarına kimi Cənub adasında təsirini saxlayacaq, daha sonra isə paytaxt Vellinqton da daxil olmaqla Şimal adası istiqamətində irəliləyəcək.