Yəməndəki Cənub Keçid Şurasının (STC) sədri Aydarus əl-Zubeydi naməlum yerə qaçıb.
Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya yayıb. Bildirilir ki, əl-Zubeydi Yəmənin cənubundakı münaqişənin həlli ilə bağlı foruma getmək üçün Ər-Riyada getməli olan təyyarəyə minməyib. BƏƏ tərəfindən dəstəklənən separatçı hərəkatın liderinin harada olduğu məlum deyil.
Qeyd edək ki, yanvarın 2-də Hadramaut qubernatoru Salem əl-Xanbaşi separatçıların nəzarətində olan hərbi düşərgələrin hökumət qüvvələrinə təhvil verilməsi üçün əməliyyatın başladığını elan edib. Elə həmin gün STC iki illik keçid dövrünün başladığını və bundan sonra paytaxtı Ədən olan müstəqil Cənubi Ərəbistan dövləti elan etməyi planlaşdırdığını bəyan edib. Yayılan “Konstitusiya bəyannaməsi”nə əsasən, bu dövlət 1967-ci ildən 1990-cı ilə qədər mövcud olan Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılacaq.
Şənbə günü əl-Alimi böhranı həll etmək üçün Ər-Riyadda cənub siyasi qüvvələrinin ümumi konfransının keçirilməsini təklif edib. Krallığın Xarici İşlər Nazirliyi bu təşəbbüsü alqışlayıb və qeyd edib ki, hərtərəfli həll yolu yalnız dialoq yolu ilə əldə oluna bilər. Yanvarın 3-ü axşamına qədər hökumət qüvvələri Hadramaut və Mahra əyalətlərinə nəzarəti bərpa edib, separatçıları qovub və bütün strateji obyektlərə nəzarəti bərpa edib.