Medianews.az
Venesuela əməliyyatından çıxan nəticələr
233 baxış

Venesuela əməliyyatından çıxan nəticələr

ABŞ aylardır Venesuelada hərbi əməliyyat keçirmək üçün hazırlıqlar görürdü. Puerto-Rikodakı hərbi bazaya əlavə qüvvələr cəlb edildi, Karib dənizinə aviadaşıyıcı gəmilər gətirildi, Venesuela ətrafına F-35 qırıcıları və ən müasir dronlar yerləşdirildi. Orduların dislokasiya yerindən başqa əraziyə köçürülməsi kifayət qədər böyük xərc tələb edən prosesdir. Əgər ABŞ kimi bir dövlət bu qədər xərci gözə alırdısa, bu o demək idi ki, mütləq şəkildə ya hərbi müdaxilə baş tutacaq, ya da Nikolas Maduro ABŞ-nin tələblərini qəbul edəcəkdi.

Bu proses Rusiya-Ukrayna müharibəsinin başlamasına və Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatına bənzəyir. Rusiya da 150 minlik qoşunu Ukrayna sərhədinə yığmışdı; tələblər aydın idi: ya Moskvanın şərtləri qəbul olunmalı, ya da müharibə başlamalı idi. Ukrayna tərəfi şərtləri qəbul etmədi və nəticədə toqquşma qaçılmaz oldu. Azərbaycan da antiterror əməliyyatından əvvəl qoşunları Qarabağ ətrafında cəmləşdirərək separtaçı rejimin qeyri-qanuni silahlılarını tam və ağır mühasirəyə alaraq, tələblərini irəli sürdü. Qarabağdakı erməni separatçıları müqaviməti üstün tutduqları üçün əməliyyata start verildi. Əməliyyatın əsas hissəsi 24 saat tamam olmadan bitdi, qalıq qüvvələr isə zamanla zərərsizləşdirildi.

ABŞ tərəfi rəsmi olaraq bəyan etdi ki, Venesueladakı hərbi əməliyyata 150 hərbi təyyarə cəlb olunub. Bu rəqəm onu deməyə əsas verir ki, Vaşinqtonun məqsədi Venesuela ilə genişmiqyaslı müharibə etmək deyil, konkret olaraq Maduronu götürmək olub. Müqayisə üçün: İsrail İrana hücum edən zaman ilk gün 300 hərbi təyyarədən istifadə etmişdi. Məqsəd fərqli olanda, miqyas və nəticələr də fərqli olur.

Venesuela hərbi baxımdan zəif ölkə deyil. O, Cənubi Amerikanın ən güclü hərbi arsenalına malik dövlətlərindən biri hesab olunur. Xüsusilə Rusiya və Çin ilə sıx hərbi əməkdaşlıq sayəsində ölkənin müdafiə sistemi modernləşdirilib. Venesuelanın 120 min aktiv hərbçisi, 100 min ehtiyat qüvvəsi və 200 mindən çox milli qvardiyası (milis) var. Bundan əlavə, ölkə asimmetrik müharibəni və geniş mülki səfərbərliyi nəzərdə tutan "İnteqral Müdafiə" doktrinasına keçib.

Hərbi texnika və tankları bir kənara qoyaq. Əsas məqam ABŞ-nin 150 təyyarə ilə müdaxilə edib heç bir itki verməməsidir ki, bu da Venesuelanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin vəziyyətini sual altına qoyur. Venesuela regionun ən qabaqcıl və çoxpilləli HHM şəbəkəsinə malikdir. Bu şəbəkəyə S-300VM (Antey-2500) (3-5 batareya), Buk-M2E, S-125 Pechora-2M, Tor-M1 kompleksləri və 5000-dən çox Igla-S (SA-24) çiyinüstü raketləri daxildir.

Fərz edək ki, Rusiya və ABŞ anlaşıb və S-300, Buk kimi ağır sistemlər "söndürülüb". Bəs "Igla"lardan niyə istifadə edilmədi? Düşünək ki, bəzi yüksək rütbəli generallar Maduronu satıb. Amma 120 minlik aktiv ordunun hamısımı xəyanət etdi? Onların içindən bir nəfər də çıxıb "Igla" ilə bir helikopter vura bilmədi? Venesuelanın HHM sistemləri imkan verirdi ki, ABŞ qüvvələrinə ciddi müqavimət göstərsin. Ona görə də bu əməliyyatın özündən çox, pərdəarxası mənim üçün daha maraqlıdır. Hesab edirəm ki, ABŞ əməliyyata qədər məsələni artıq həll etmişdi: əvvəlcə iqtisadi, sonra siyasi blokada tətbiq edildi, sonda isə Maduro götürüldü. Dünən "YouTube" kanalımda da qeyd etdiyim kimi, ABŞ üçün əsas məsələ neftdir. Bəziləri buna skeptik yanaşsa da, Trampın açıqlamaları göstərdi ki, neft məsələsi Madurodan daha önəmlidir.

Bununla belə, ABŞ-nin bu əməliyyatını Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etmək bir qədər qüsurludur. Çünki birində məqsəd ölkəni və əhalini tabe etməkdirsə, digərində məqsəd hakimiyyəti dəyişib strateji resurslara (neftə) yiyələnmək idi.

ABŞ-nin Venesuela əməliyyatı Azərbaycan üçün də ciddi bir siqnal olmalıdır. Dəniz sahilində yerləşən paytaxt hər zaman təhlükə altındadır. Misal üçün Karakas. Hesab edirəm ki, Azərbaycan paytaxtın dəniz sahilindən köçürülməsi barədə ciddi düşünməlidir. Bir dəfə də yazmışdım: Azərbaycan dövlətinin idarəetmə mərkəzi cəmi bir neçə hektarın içində yerləşir. Prezident Administrasiyası, Müdafiə Nazirliyi, DTX, Milli Məclis, Dövlət Televiziyası, DİN – dövlətin onurğa sütunu sayılan bu qurumlar bir-birinə həddindən artıq yaxın yerləşir. Bu isə strateji təhlükəsizlik baxımından risklidir.

Səxavət Məmməd

Bizə qoşulun