Medianews.az
“Atamı tez unutdunuz, göstəriş üçün yalandan video paylaşmaqla deyil ki..” -
838 baxış

“Atamı tez unutdunuz, göstəriş üçün yalandan video paylaşmaqla deyil ki..” - Səidədən ETİRAZ

“Mən nə mart ayını sevirəm, nə də yanvar ayını. Yanvarda atam doğulub, mart ayında isə biz onu itirmişik. O olduğu zaman hər şey çox gözəl idi. Atamın yoxluğundan sonra demək olar ki, çox şeyləri özümə qadağa qoymuşam. Hər şey onun varlığında gözəl idi. Nizamlı idi. İdarəçi olmaq hər kəsə nəsib olmur. Bu insan hər şeyi idarə edirdi. Həm ailədə, həm də işdə. Atam nəslimizin böyüyü idi və hələ də böyüyü olaraq qalır. Atam mənim dua edənim idi. Bircə onu deyə bilərəm ki, dua edənim getdi”

Bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova deyib.

O daha sonra atasının yaradıcılığının az təbliğ olunmasından gileylənib:

“Mən göstərişi, publikaya oynayan insanları sevmirəm. Atamın doğum və anım günlərində yad edilməyini çox istərdim. Amma əfsuslar olsun ki, hər bir şeyi tez unudurlar. Yalandan video paylaşmaqla deyil ki.. Hər şey o qədər adiləşib ki.. Zaman dəyişdikcə hər şey unudulur. Atam çox çətin bir həyat və sənət yolu keçib. Hər zaman müsahibələrində kimdən incidiyini, kimlərin onun xətrinə dəydiyini deyirdi. Hər şeyi dilinə gətirən insan idi. Amma çərçivəsində. Həyat çox fanidir. Bir gün gələn, bir gün gedər. Çox qəribə dünyadır. Atamı qəlbimdə, beynimdə yada salıram. Öz özümə deyirəm ki, “Ata olsaydı belə edərdi, belə deyərdi”.. Onsuz yaşamaq çox çətindir. Atam geməklə 50 faiz ruhumu özü ilə apardı. O biri 50 faizi də saxladı ki, adını və soyadını daşıdığı nəvəsi üçün, oğlum üçün yaşayım”.



Səidə Dadaşova arzularından da danışıb:

“Bilirsiniz ki, mahnılarımın əksəriyyətinin söz yazarı atam idi. Atam gözəl şeirlər yazırdı. Müğənnilər müraciət edirdi. Çox həvəsli idi. Şeirlərindən ibarət kitab çap etmək ən böyük arzummdur. İllərdir bu arzunu reallaşdıra bilmirəm. Çünki meydanda tək qalmışam. Daha sonra atamın adına bir muzey yaradılmasını istərdim. Bir-iki dəfə aidiyyatı qurumlara müraciət etmişəm, amma hələ də bir cavab gəlməyib” deyə sənətkarın qızı bildirib.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun