“Süni intellekt o deməkdir ki, yəni sən həyatda yoxsan. Artıq müğənnini də, musiqiçini də süni intellekt vasitəsilə canlandırırlar. Böyük sənətkarı nəinki süni intellekt, heç kim əvəz edə bilməz. Böyük sənətkar elə böyük sənətkardır. Dünya şöhrətli Zeynəb Xanlarova elə Zeynəb Xanlarovadır. Allah Tofiq Quliyevə, Ələkbər Tağıyevə, maestro Niyaziyə, Müslüm Maqomayevə rəhmət etsin. Bu gün o deyir ki, mahnı mənimdir, bu deyir ki, sözlər mənimdir. Bunlar ayıbdır. Mən sözümü deyən sənətkar olmuşam. Bu dəqiqə zəmanə başqadır”
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib.

Xalq artisti Sadıq Zərbəliyev uzun müddətdir Natiq Şirinovla Ramil Cahangirov arasında gedən məhkəmə çəkişmələrinə də münasibət bildirib:
“Daşı Allah yaradıb. Mənim başıma güllə vursalar da düz danışacam. Qavaldaşı da ilk dəfə Çingiz Mehdiyev ifa edib. Ondan sonra nağara ifaçısı Tahir ifa edib, sonra da mən. Görüntülərdə də var ki, Qobustanda həm qavaldaşı, həm də qoşanağara ilə mən ifa etmişəm. O ki, qaldı Natiq Şirinova.. O məndən sonra qavaldaşda ifa edib. Gənclə məhkəmə qurublar, deyir ki, həmin qavaldaşın müəllif hüququ ondadır. O özü üçün deyir. Məni əsəbləşdirməyin, əsəbi adamam. O yalan danışır, səhv edir. Yalan danışmaq olmaz. Natiq yaxşı sənətkardır. O həmişə deyir ki, “yaxşı ki, Sadıq müəllim xalq artisti adını aldı, sonra mən fəxri ad aldım”. Natiq elə-belə musiqiçi deyil. Bir-birimizi görəndə hörmətlə görüşürük, gözəl münasibətimiz də var. Amma fakt faktlığında qalır”.
Qeyd edək ki, xalq artisti Natiq Şirinov ilə ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir məhkəmə çəkişmələri davam edir. Mübahisənin əsas səbəbi Natiq Şirinovun Ramil Cahangirovu ona məxsus saydığı “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməsidir. Belə ki, Natiq Şirinov iddia edir ki, “qavaldaş nağara” ona aiddir. Məhkəmə bu iddiaları bir neçə dəfə ləğv edib və qarşı tərəf qalib gəlib.
Əli Əsgər
Medianews.az