“Nə Əbülfəs Qarayevi şəxsən tanıyıram, nə də qızı Suadanı. Amma bir onu bilirəm ki, rejissor xanım “Məhsəti” filmində Məhsəti obrazını klublara gedən, spirtli içki içən və romantika yaşayan bir qadın kimi təsvir edib. Bu çox ayıb bir haldır. Tariximizi niyə ləkələyirlər? Onların yəqin ki, başqa məqsədləri var. Belə olmasaydı Məhsətini ləkələməzdilər! Ən azından keçmiş Mədəniyyət Nazirinin qızı bunu etməli deyildi. Görünür bu insanlar millətimizi, tariximizi sevmirlər. O vaxt kluba getmək, spirtli içki içmək olub bəyəm? Onlar bu hərəkətləriylə nə demək istəyirlər?”
Bunu Medainews.az-a açıqlamasında Xurşidbanu Natəvanın kötücəsi Sevil Ağamirova deyib.
O daha sonra əlavə edərək bildirib ki, klassiklərimizi müasir obrazda təqdim etməyə ehtiyac yoxdur:
“Sən onu niyə pis tərəfə müasirləşdirirsən? Yaxşı tərəfə müasirləşdir də. O qədər ailəsini sevən, qoruyan, kişilərlə çiyin-çiyinə çalışan qadınlarımız var ki. Sağ olsun Mədəniyyət nazirimiz həmin filmi müsabiqəyə qəbul etməyib. Millətini, xalqını sevən xanım belə addım atmaz! Bəzi adamların nə qədər nifrəti var bizim xalqa! Elə bil gözləri götürmür! Ümumiyyətlə son illər mədəniyyətimiz haqda heç də yaxşı olan sözlər eşitmirik. Elə Əbülfəs Qarayev haqda da. O belə yeyib, o belə şey edib, o belə oğurlayıb. Ancaq eşitdiklərimiz bunlardır!”.

Sevil Ağamirova bildirib ki, ulu nənəsi haqda da ara-sıra şayiələr yayılır:
“Mən gözümü açıb evdə kələğayılı qadın kimi nənəmi görmüşəm. O başında da kələğayı öldü. Elə təmiz, saf qadın idi ki.. Natəvanı da əynində cins və cırıq şalvarda təqdim etmişdilər. Daha sonra şayiələr yayırdılar ki, guya Natəvan əri ola-ola başqa kişi ilə görüşübmüş. Nənəmi şərləyirlər. Bu kimi hallar təsadüfən olmur. Bilərəkdən edirlər. Bizim ziyalılarımız, tarixçilərimiz var. Belə hadisələrin qarşısını onlar almalıdırlar. Cavan nəsil gəlir. Sabah bunlar tarixdə qalacaq və gənclər də elə biləcək ki, həqiqətən də belə hadisələr olub. Mən sizin vasitənizlə Mədəniyyət Nazirinə müraciət edirəm və xahiş edirəm ki, hazırkı və bundan sonra olacaq neqativ mövzularla bağlı ölçü götürsün”.
Məlumat üçün bildirək ki, rejissor Suada Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində Bakı Beynəlxalq Film Festivalından çıxarılıb. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Suada sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
Əli Əsgər
Medianews.az