Medianews.az
Tonlarla at əti bazara necə yol tapıb? -
44 baxış

Tonlarla at əti bazara necə yol tapıb? - Ekspert şərhi

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.

Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, əhalidə yararsız ətlərlə bağlı illərdir narahatlıq var: “Demək olar ki, həftədə 2-3 dəfə ətlərdən şübhə ilə bağlı zənglər gəlir. Bu narahatlığa son qoymaq üçün DİN çox effektiv fəaliyyət göstərir. Bəzi qurumlardan fərqli olaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi problemi cərimə yolu ilə həll etmir. Bütün hüquqi prosedur addımlar atılır, həbslər həyata keçirilir. Xatırladım ki, illər əvvəl “Leş Tofiq” ifşa olunmuşdu. Düşünürəm ki, bu qurum daha fəal işləməlidir. Təəssüf ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Sadəcə ətin mənşəyi bildirilməlidir. AİB bu vəziyyətlə qəti razı deyil. Ölkədə ənənəvi olmayan ətlərin satışına qadağa qoyulmalıdır. 1963-ü ildə dərc olunmuş kitabda təkcə Azərbaycanda eşşək əti yeməli ət kimi xarakterizə olunur. Sonradan öyrəndik ki, kitabçanı ermənilər tərtib ediblər. Həmin dövrdə heç bir respublikada eşşək əti yeməli ət kimi xarakterizə olunmayıb. Atlar regionlarda saxlanır, şəhərdə at saxlamırlar. Əhali mütləq ictimai nəzarət həyata keçirməli, lazımi dövlət qurumlarına məlumat verməlidir. Təəssüf ki, AİB belə məsələlərdə əhalinin fəallığına hələ ki nail ola bilməyib”.

E.Hüseynov vurğulayıb ki, bu problemin birdəfəlik həllinin vaxtı çatıb: “Murdar olmuş heyvan ətləri mal əti adı altında qarışıq şəkildə uşaq bağçalarına, restoranlara, dönərxanalara verilir. Əhalinin bununla bağlı narahatlığı böyükdür. Nazirlər Kabinetinin 94 saylı qərarı yerinə yetirilmədiyi müddətdə əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər markalanmalıdır. Əhali, biznes qurumları malı dükanlardan almalıdır. Heyvanların harada yetişdirildiyi, harada kəsildiyi bildirilməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ ki, bu sahədə ciddi nailiyyət əldə edə bilməyib”.

Bizə qoşulun