Mütəxəssislər uşaqlar arasında qısa video (reels, shorts və s.) istifadəsinin sürətlə artdığını və bunun diqqət dağınıqlığı ilə yanaşı asılılıq riskini də artırdığını bildirir.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrin erkən yaşlarda istifadəsi beyin inkişafına mənfi təsir göstərir.
Klinik psixoloqlar qeyd edir ki, sürətli və davamlı dəyişən videolar uşaqlarda diqqət və fokuslanma qabiliyyətini zəiflədir, dopamin asılılığı riskini artırır.
Mütəxəssislərin fikrincə, platformalarda mövcud olan 13 yaş məhdudiyyəti kifayət etmir, çünki uşaqlar çox vaxt valideyn hesablarından və ya yaşlarını gizlədərək bu şəbəkələrə daxil olurlar. Buna görə də valideyn nəzarəti vacib sayılır.
Psixoloqlar həmçinin vurğulayır ki, sosial media yalnız zərərli deyil, düzgün yönləndirmə ilə öyrədici və yaradıcı imkanlar da yarada bilər. Bunun üçün valideynlərin uşaqların izlədiyi məzmunu izləməsi və məhdudlaşdırma vasitələrindən istifadə etməsi tövsiyə olunur.
Mütəxəssislər uşaqlarla sərt qadağalar əvəzinə açıq və anlayışlı ünsiyyət qurulmasını vacib hesab edir. Onların fikrincə, “yenə telefondasan?” kimi ittihamedici ifadələr əvəzinə, “bu məzmun səndə nə hiss yaratdı?” kimi suallar uşağın emosional inkişafını və valideynlə münasibətini gücləndirir.
Medianews.az