Beynəlxalq hüquqa, bəşəri dəyərlərə etinasızlıq davam etdikcə siyasi münasibətlər tragikomik vəziyyətə düşür. Florida ştatında Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşü ekspertlər çox diqqətlə izləyirdi. Həmin müzakirələrdən sonra Trampın Rusiya Prezidenti haqqında “Vladimir Putin Ukraynanın uğurunu istəyir, bunun üçün çox şey edir” deməsi acı gülüş doğurur. Dünyanın bir nömrəli güc mərkəzinə, ABŞ-a rəhbərlik edən cənab Trampı anlamaq olmur.
Müasir dünyanın gözü qarşısında Ukraynada dinc insanlara qarşı törədilən qətlləri, şəhərlərin yer üzündən silinməsini, yaşayış evlərinin, xəstəxanaların, uşaq bağçalarının vurulmasını necə unutmaq olar?
Təbii ki, müharibənin öz qaydaları var. Amma hədəf dinc insanlar, yaşayış binaları, xəstəxanalar olmamalıdır. Bu qədər ağır cinayətlərdən sonra təcavüzə məruz qalanı deyil, təcavüz edəni bütün məqamlarda dəstəkləmək, görünür, strateji ticari istəklərdən irəli gəlir.
XII əsrdə Şərqdə müəyyən mənada intibah dövrü olanda Qərbdə quldarlıq prinsipləri hökm sürürdü. Bu gün qoca Avropa qitəsi yenədəmi əvvəlki dönəminə qayıtmaq istəyir? XXI əsrdə ticari yanaşmalarla müharibənin taleyini həll etmək mümkünsüzdür.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinə ədalətsiz yanaşma, rəsmi Moskvanın istəklərinə boyun əymək Şərqi Avropa ölkələri ilə bərabər keçmiş sovet respublikaları üçün də ciddi təhlükələr vəd edir. Məhz ona görə bu müharibədə təcavüzkara heç bir güzəşt olmamalı, bu gün unudulan beynəlxalq hüququn prinsipləri tətbiq olunaraq proses yekunlaşmalıdır.
Yalnız ədalətli sülhdən və yaxud uzunmüddətli atəşkəsdən sonra ticari məqsədlərin reallaşması mümkün olar.
Əkrəm Bəydəmirli