Medianews.az
Ton balığı sağlam qidalanmada
103 baxış

Ton balığı sağlam qidalanmada mühüm yer tutur

Ton balığı yüksək qida dəyərinə malik olması ilə seçilən və “dəniz dana əti” kimi tanınan məhsullardan biridir. Bu balıq zülal, omeqa-3 yağ turşuları və vacib vitaminlərlə zəngin olduğu üçün mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilir.

Medianews.az Foodinfo.az-a stinadla xəbər verir ki, ton balığı balanslı tərkibi sayəsində həm beyin, həm də ürək-damar sistemi üçün mühüm faydalar təqdim edir.

Mütəxəssislərin sözlərinə görə, ton balığı beyin qan dövranını yaxşılaşdırır, sinir impulslarının ötürülməsini gücləndirir və uzun müddət zehni aktivliyi qorumağa kömək edir. Bu xüsusiyyətləri sayəsində o, Alzheimer kimi xəstəliklərin riskinin azalmasına dəstək verə bilər. Eyni zamanda ürək-damar sistemini qoruyaraq tromb yaranma ehtimalını azaldır və insult riskini aşağı salır.

Bu balıq həmçinin göz sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini tənzimləyir və immun sistemini gücləndirir. Tərkibindəki yüksək keyfiyyətli zülal əzələ kütləsinin formalaşmasına kömək edir və orqanizmdə bərpa proseslərini sürətləndirir. Bundan əlavə, ton balığının tərkibində olan maddələr serotonin ifrazını artıraraq stress və narahatlıq hallarının azalmasına müsbət təsir göstərir.

Bununla yanaşı, konservləşdirilmiş ton balığı da faydalı xüsusiyyətlərinin böyük hissəsini saxlayır. Xüsusilə öz suyunda olan konservlər daha az kalorili hesab olunur və pəhriz saxlayanlar üçün uyğun seçim sayılır. Lakin yağda olan variantlarda kalori miqdarı daha yüksək olur.

Bununla belə, ton balığının istifadəsində bəzi məhdudiyyətlər də mövcuddur. Mütəxəssislər bildirirlər ki, dəniz məhsullarına allergiyası olan şəxslər, böyrək xəstəlikləri, podaqra və yüksək təzyiq problemi olan insanlar bu balıqdan ehtiyatla istifadə etməlidirlər. Tərkibindəki purinlər bəzi hallarda sağlamlıq problemlərini ağırlaşdıra bilər.

Həmçinin hamilə qadınlara və azyaşlı uşaqlara ton balığını tez-tez qəbul etmək tövsiyə edilmir. Bunun səbəbi balığın civə toplama xüsusiyyətinə malik olmasıdır ki, bu da inkişaf edən orqanizm üçün risk yarada bilər.

Ümumilikdə, mütəxəssislər ton balığının həftədə 1-2 dəfə, digər balıq növləri ilə növbələşdirilərək qəbul edilməsini optimal hesab edirlər. Düzgün hazırlanma üsulları – buxarda bişirmə və ya sobada qızartma – onun həm dadını, həm də faydasını qorumağa kömək edir.

Bizə qoşulun