Medianews.az
Tehranda dağıdıcı zəlzələ xəbərdarlığı -
139 baxış

Tehranda dağıdıcı zəlzələ xəbərdarlığı - Seysmoloqlar fəlakətə hazır olmağa çağırırlar

İranın paytaxtı Tehranda baş verən silsilə zəlzələlər ölkədə ciddi narahatlıq yaradıb.

Medianews.az bildirir ki, iranlı seysmoloqlar paytaxt yaxınlığında yerləşən Moşa fay xəttinin (adını Tehran ətrafındakı Moşa kəndindən götürən, paytaxtın şərqindən keçib Əlborz dağları boyunca uzanan aktiv qırılma xətti) yenidən aktivləşə biləcəyi barədə xəbərdarlıq edirlər.

Mayın 22-si axşam Tehranda və ətraf bölgələrdə ardıcıl səkkiz yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri əsasən Pərdis şəhəri yaxınlığına düşüb. İlk təkan yerli vaxtla saat 20:41-də 3,4 bal gücündə olub. Daha sonra saat 23:46-da 10 kilometr dərinlikdə 4,6 bal gücündə əsas zəlzələ baş verib. Təkanlar səhərədək davam edib.

Zəlzələ Tehranla yanaşı Kərəc, Vəramin, Pakdəşt və Mazandaran vilayətinin bəzi ərazilərində də hiss olunub. Hadisə zamanı paytaxtda saatda 55 kilometr sürətlə külək əsib, bəzi rayonlarda elektrik enerjisi kəsilib.

Rəsmi məlumatlara əsasən, zəlzələlər nəticəsində insan tələfatı və ya ciddi dağıntı qeydə alınmayıb. Bununla belə, xeyli sakin gecəni küçələrdə və açıq məkanlarda keçirib. Tehran yanğınsöndürmə xidməti, təcili yardım və mülki müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Tehran Universitetinin Geofizika İnstitutunun məlumatları göstərir ki, bölgədə “ilkin təkan – əsas zəlzələ – afterşok” ardıcıllığı müşahidə olunub. Yeraltı təkanların hamısı 8-10 kilometr dərinlikdə baş verib ki, bu da onların səthdə daha güclü hiss edilməsinə gətirib.

Mütəxəssislər bildirirlər ki, Tehran və onun şərq hissəsi Əlborz dağları boyunca yerləşən ən təhlükəli seysmik zonalardan biridir. Əsas təhlükə mənbəyi uzunluğu 200-400 kilometr arasında qiymətləndirilən Moşa qırılma xəttidir. Bu xətt 7 baldan yuxarı dağıdıcı zəlzələ doğurmaq potensialına malikdir.

Tarixi məlumatlara görə, 19-cu əsrdə məhz həmin xətt üzərində təxminən 7,1 bal gücündə zəlzələ baş verib, Dəmavənd, Şimiran və Tehran ətrafında böyük dağıntılar törənib. İranlı mütəxəssislər hesab edirlər ki, son təkanlar Moşa qırılma xəttində toplanan enerjinin tam boşalmadığını, əksinə, gərginliyin davam etdiyini göstərə bilər.

Ekspertlər Pərdis yaxınlığında şimali Tehran qırılma xətti ilə Moşa qırılma xəttinin kəsişdiyini, bunun isə “tektonik düyün” adlandırılan yüksək riskli zona yaratdığını bildirirlər. Onların fikrincə, zəif və orta güclü zəlzələlərin tez-tez təkrarlanması gələcəkdə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər.

Tehranın şərqindəki sıx yaşayış massivləri, çoxmərtəbəli binalar risk zonası sayılır. Geoloqlar bölgənin yumşaq süxurlardan ibarət olmasının zəlzələ dalğalarını gücləndirdiyini bildirirlər.

Seysmoloqlar İran hakimiyyətini paytaxtın şərqində daha müasir seysmik müşahidə sistemləri qurmağa, binaların dayanıqlığını yenidən qiymətləndirməyə və fövqəladə hallar üçün infrastruktur hazırlığını gücləndirməyə çağırırlar.

Medianews.az

Bizə qoşulun