Medianews.az
“Təəssüf ki, atam bu günləri görmədi, amma kənardan ayaqüstə dayanıb bizə baxır, ruhu da şaddır” -
208 baxış

“Təəssüf ki, atam bu günləri görmədi, amma kənardan ayaqüstə dayanıb bizə baxır, ruhu da şaddır” - FOTO

“Çox vaxt hansısa mövzularda çətinlik çəkəndə çalışıram özüm həll edim. Bu mənim üçün də maraqlıdır ki, görəsən öz problemimi özüm həll edə bilirəmmi? Bir növ həm də eksprimentdir. Əlbəttə ki, bəzi hallarda anam köməyimə çatır. Nə yaxşı ki, məsləhət alacağım qapı var. Bu zaman anama yaxınlaşıram və problemin nə olduğunu deyirəm. O problemi bilən kimi öz məsləhətlərini verir”. Bunu Medianews.az-a açıqlamasında gənc aktrisa Banu Əlibəyli bildirib.

Tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyeva və prodüser Oqtay Əliyevin ailəsində dünyaya göz açan Banu Əlibəyli valideynlərinin yolunu davam etdirir:

“Mədəniyyət və İncəsənət Universitetində Yaqut Paşazadənin kursunda təhsil alıram. Hazırda yeni bir tamaşa hazırlayırıq. Mən bu sənətə gələndə bilirdim ki, olduqca ağır və çətindir. Çünki gözümün qabağında anamı görürdüm. Anama 24 saat bəs etmir. Çox yorucu bir iş qrafiki var. Serial, film, reklam, veriliş və s. Özüm də görürəm ki, çox yorulur. Bir yandan baxanda həm də sevinirəm ki, bu sahəni sevən insan üçün işlərin bu qədər çox olması onun xoşbəxtliyidir. Eybi yox, qoy elə anam işdən yorulsun. O işsiz, heç bir layihə olmadan da yaşaya bilməz. İşsiz qala bilməz. Ona görə də ona çoxlu-çoxlu layihələr və işlər arzulayıram. Hər bir addımımda, uğurumun kökündə anam dayanır. Hətta mənə sənəti sevdirən insan da o olub. Gözümü açıb onu, onun çıxışlarını, məsuliyyətini görmüşəm. Aktrisalığa gələn yol da ondan mənə keçib”.

Banu Əlibəyli atası, tanınmış prodüser Oqtay Əliyevdən də danışıb. O deyir ki, universitetə daxil olmasını atası görməyib:

“Hər bir uğurumda, addımımda anamın mənə olan baxışları və mənimlə qürur duymasını görürəm. Bunu hiss edirəm. Arzulayırdım ki, atam da mənimlə, seçdiyim sahə ilə qürur duysun. Təəssüf ki, atamı elə bir vaxtda itirdim ki, universitetə qəbul olmağımı görə bilmədi. Amma mən hiss edirəm və əminəm ki, atam da mənimlə qürur duyur. Atamın arzusu məni də, bacımı da, anamı da xoşbəxt və gülərüz görmək idi. Mən əminəm ki, həmişə səhnəyə çıxanda bir kənarda atam durur. Ayaqüstə olur. Hardasa o var. Eləcə də anamın layihələrində onun yanındadır. O kənardan bizə baxıb qürur duyur. Çalışıram həm atamın ruhunu şad edim, həm də anamı xoşbəxt edim”.

Banu Əlibəyli deyir ki, gələcəkdə atası haqda film çəkmək istəyir:

“O mərhələyə çatanda və özümü hazır hiss edəndə atamla bağlı hansısa layihələr hazırlayacam. Hazırda özümü buna hazır hiss etmirəm. Gələcəkdə artıq təcrübəm olanda və çox inkişaf edəndə istərdim ki, onun xatirəsinə aid bir film və layihə hazırlayım. Bu planımda var və istərdim ki, onu gerçəkləşdirim”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun